Düzü, sosial şəbəkələrdə boş-boş vaxt keçirməkdən, telefonun ekranını aşağı-yuxarı sürüşdürməkdən elə də xoşum gəlmir. Amma son dərəcə sıxılanda, nəyisə gözləyəndə bunu edirəm. Yalan olmasın, gündə uzağı 5-10 dəqiqə də olsa, tiktok-da paylaşımlara baxıram. Təəssüf ki, demək olar hər dəfə bu sosial şəbəkəyə daxil olanda ürək bulandıran, nifrət etdiyim, görmək istəmədiyim bir mövzu haqqında yeni paylaşımlarla rastlaşıram. Söhbət rayonlular və şəhərlilər mövzusundan gedir...
Bu günlərdə yenə bir vətəndaş, bir həmyerlimiz sosial şəbəkələrdə bölgə söhbətinin alovlanmasına “vəsilə” olub. Səbəb nə imiş? Rayonluların Novruz tətilində Bakını tərk etməyi və nəticədə şəhərin tıxacsız olması. Paylaşımı edən şəbəkə istifadəçisi yazıb ki, rayon camaatı yenidən qayıdacaq və tıxaclar baş qaldıracaq. Burada mən rayon camaatı yazıram. Məsələdən agah olanlar bilir ki, əslində orada rayonlular barəsində hansı söz ifadə olunub. Və bir dəlinin quyuya daş atmasından sonra ard-arda bu haqda paylaşımlar, hər paylaşımda kütləvi rəylər... Maraqlısı budur ki, bəziləri yazdıqları rəyin, etdikləri paylaşımın mənasını, ictimaiyyətdə necə qıcıq doğuracağını bilirlər. Məsələn, bu gün qarşıma çıxdı. Biri yazıb ki, filan rayonumu yüz şəhərə dəyişmərəm. Sonra ona başa salırlar ki, ay bala hamının yurdu özünə əzizdir də, sənə kim deyir dəyiş? Bu dostumuz da yazır ki, düz deyirsiniz, hamısı bizim bölgəmizdi, vətənimizdi. Bax bunu bilən, həqiqəti boynuna alıb etiraf edən dostumuz, sözüm sənədir - niyə lazımsız fikirlərinlə cəmiyyətdə qıcıq yaradırsan? Heç dünyaca məşhur alimlər, atomu bölənlər öz bölgələri ilə bu cür fəxr etməyiblər. Söz yox, yurdunla fəxr etməyə dəyər. Amma sənin fəxrin vətənimizin digər bölgəsini kölgədə qoymamalı, onu aşağılamamalıdır. Mənim bölgəm “yek”dir, sakinləri mərddir, igiddir, bəs digər bölgələr nədir? Ölkəmizin hər rayonu, şəhəri, kəndi və s. hamımız üçün əzizdir, doğmadır, sakinləri də mərddir. Hər şəhər və rayonumuzun özünəməxsus sərvəti var. Birinin muğamı, mədəniyyəti, yaxud təsərrüfatı, idmanı, qəhrəmanlığı olanda, digərinin də əvəzolunmaz təbiəti var. Bu əvəzolunmaz və özünəməxsusluqlar bütövlükdə Azərbaycanımızı təşkil edir. Bu təbiət də, idman da, muğam da bizimdir, təsərrüfatlarda yetişən ləzzətlə yediyimiz ruzi-bərəkət də.
Bu doğmalığın sübutudur ki, hər bölgədən olan neçə-neçə oğullarımız Qarabağ üçün canından keçdi. Ona görə yox ki, digər soydaşımız rayon və şəhərli arasında nifaq salsın, bir-birini bəyənməsin.
Rayonlu, bakılı məsələsinə gəldikdə isə, böyük şəhərlər və sıx məskunlaşma hər ölkədə var. Fransanın Parisi, İtaliyanın Roması, Milanı, ABŞ-ın Nyu-Yorku, Vaşinqtonu, Çikaqosu, Los-Ancelesi, İngiltərənin Londonu, Türkiyənin İstanbulu və s. yüzlərlə belə meqapolis şəhərlər var. Əminəm ki, bu şəhərlərin əsl, köklü, Tik-tokdakıların dili ilə desək “korinnoy” sakinləri gəlmələri, buralara istər iş, xoşbəxtlik və s. tapmaq üçün pənah gətirənləri aşağılamır, kin saxlamır. Bakı da hər bir azərbaycanlının paytaxt şəhəri, meqapolisidir, mərkəzdir. Ölkənin ən böyük şəhəri, yüz minlərlə insanın xoşbəxt olduğu yerdir. Ailəsi paytaxtda yaşadığı halda Qarabağda və digər bölgələrdə işləyənlər də az deyil.
P.S. Tıxacdan da qorxmayın, hər böyük şəhərin tıxacı olur.