Bakıda nəqliyyat vasitələrinin hərəkət dinamikası ötən günlərə nisbətən artıb.
Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, hazırda paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur:
“Hazırda 20 yanvar dairəsindən üzü şəhər istiqamətində, Koroğlu Rəhimov və Həsən Əliyev küçələri istiqamətində və Heydər Əliyev prospekti şəhər istiqamətində sıxlıq var. Həmin yollarda yol patrol xidməti əməkdaşları tərəfindən gücləndirilmiş iş rejimində xidmət təşkil olunub.
Ancaq şəhərin mərkəzi küçələri, xüsusən də Azneft dairəsi, Lermontov və Şeyx Şamil küçələrində hərəkət sərbəstdir. Ümumən isə bu gün ötən günlərlə müqayisədə yollarda nəqliyyat vasitələrinin hərəkəti və sıxlıq daha çoxdur. Əməkdaşlarımız yolayrıclarında, kəsişmələrdə gücləndirilmiş rejimdə işləyərək hərəkəti tənzimləyirlər”.