Bakı Tikiş Evinin qarşısında izdiham yaşanıb.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərə görə məktəbli forması əldə etmək istəyən valideynlər arasında münaqişə yaranıb.
Valideynlərin dediyinə görə, BTE-dən bildirilib ki, onların tələbatı ödəmək üçün nə zamanı, nə də parçası çatışmır.
Məsələ ilə bağlı Lent.az-a BTE satış şöbəsinin rəisi Etibar Əzimov aydınlıq gətirib.
Onun sözlərinə görə, bu məsələdə məsuliyyət müvafiq qurumun üzərinə düşür:
"Bütün media nümayəndələri mənə zəng edib, izdihamın səbəbini soruşurlar. Başa salmaq istəyirəm ki, biz bütün şagirdləri məktəbli forması ilə təmin etməyi üzərimizə götürməmişik. Nazirlik bu barədə bizə yardım etməli idi. Biz tək orta məktəb formaları deyil, eyni zamanda hərbi məktəb formaları da tikirik. Düzdür, izdiham çoxdur. Amma bacardığımız qədər bu izdihamın qarşısını almağa çalışırıq".