Azərbaycanda zəlzələdən qorunmaq üçün "lüstr" üsulu
11 dekabr 2023 19:31 (UTC +04:00)

Azərbaycanda zəlzələdən qorunmaq üçün "lüstr" üsulu

Aləm millətik vallah. Zəlzələ dedektorumuz  mütləq şəkildə “lüstr” dür. Zəlzələnin olub olmayacağına dair xəbərlərə də ciddi xəbər mənbələrindən yox, məhəllədəki xalaların, nənələrin dediklərinə əsasən inanırıq.

Yer bir balaca tərpənən kimi məktəblərdə “zəlzələ bayramı” başlayır. Uşaqları 3 mərtəbəli binalardan çıxarıb göndərirlər 20 mərtəbəli binalardakı evlərinə.

Bircə zəlzələ olanda yada düşür ki, bu biri-birinə mehriban-mehriban söykənmiş  göydələnlərdə zəlzələdən hara qaçasan. 4 çoxmərtəbəli binanın ortasında balaca bir həyət olur,  bina aşası olsa,  binaların dördü də o həyətə töküləcək.

Nə zəlzələ, nə vulkan, nə sel, nə  bomba təhlükəsinə qarşı zirzəmi var. Gələcəyimizdən o qədər əminik ki, hamısını söküb dükan, market eləmişik.

Evlərimzidə  fövqəladə hallarda əlimizə alıb qaçacağımız hazır çanta da saxlamarıq. Yer tərpənəndə hamı odeyalına bürünüb düşür məhləyə, bir az qiybət, bir az həyəcan, bir  az laf, gop.... Bitdi  getdi.

Hadisə olanda “kaşki” deyib, sonra hər şeyi unudub yenidən bildiyimiz kimi yolumuza davam edirik.

Elə Allah da dağına baxıb qarını yağdırır. Görür, tənbəlik, qarı az verir, görür  eynimizə almırıq, zəlzələ yox, balaca bir təkan göndərir. Azərbaycan insanının təbii fəlakətlərə qarşı psixoloji, taktiki hazırlığı yox səviyyəsindədir. İlkin tibbi yardım göstərməyi bilən neçə nəfər var?

Qınanılası da deyil. Birdən ikiyə qar, sel, zəlzələ vəlvələ görmüşük?  Biz qara gün üçün “qırağa pul atırıq”, amma qara gün olmasın deyə öncədən tədbir görmürük.

 Fəlakət heç vaxt öncədən “gəlirəm” demir.

 Bu arada, bu gün Bakıdakı doğum evlərində 3 uşağa Çilçıraq adı verilib. Yəqin zəlzələnin şərəfinə.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13071
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar