Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günün mövzusu respublikanın avtomobil yollarına zibil atan şəxslərin cəzalandırılması ilə bağlıdır.
Heç kimə sirr deyil ki, yollara avtomobillərdən zibil tullantıları atılır. Həmin zibil tullantıları yol kənarlarında yığılıb qalır. Bəs görək, Azərbaycanda avtomobil yollarının təmiz saxlanılması üçün qanunvericilikdə hansı müddəalar nəzərdə tutulub?
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə inzibati tənbeh tədbirləri İnzibati Xətalar Məcəlləsində xüsusi maddəsinə əsasən aparılır:
“İnzibati Xətalar Məcəlləsinin 352-ci maddəsində yolları çirkləndirən şəxslərin məsuliyyətə cəlb olunması barədə müddəalar yer alıb. Həmin maddəyə əsasən, avtomobil yollarını zibilləyən fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 150 manatdan 200 manatadək, hüquqi şəxslər barəsində isə 1500 manatdan 2000 manatadək məbləğdə inzibati tənbeh tədbiri tətbiq olunur”.
Qeyd edək ki, dünyanın əksər böyük şəhərlərində yolları çirkləndirən şəxslər yüksək məbləğdə cərimələnir.