Azərbaycanda son günlər yayılan virus nələrə səbəb olur? - İnfeksionist riskləri açıqladı
21 noyabr 2025 16:00 (UTC +04:00)

Azərbaycanda son günlər yayılan virus nələrə səbəb olur? - İnfeksionist riskləri açıqladı

0

Son günlər insanlar arasında virus yayılıb. Halsızlıq, iy bilmənin itməsi, yüksək hərarət, qusma, ishal və əzələ ağrıları ilə müşayiət olunan virusun sonradan ciddi fəsadlar yarada biləcəyi barədə fikirlər də dolaşır. Çoxları düşünür ki, uzun müddət yataq xəstə olmaq, öskürmək sonradan pnevmoniyaya çevrilə bilər.

Bəs görəsən, bu virusların ciddi fəsadları olurmu? Onlara yoluxan şəxs necə sağala bilər?

İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya uzmanı, həkim, Vasif Əliyev Lent.az-a açıqlamasında bildirib ki, bütün viruslardan fəsadlar yarana bilər:

"Payız mövsümünün gəlişi ilə əlaqədar respirator virusların sayında artım müşahidə olunur. Bu infeksiyalar arasında müxtəlif viruslar var. Dəqiq olaraq hansı virusun daha çox yayılmasına dair rəsmi məlumat yoxdur, lakin əhali arasında "screening" apararaq, bu sualın cavabı tapmaq olar. Yüksək hərarət, halsızlıq, boğazağrısı, qusma, iştahslızlıq, öskürək, ishal, əzələ ağrıları kimi əlamətlər qrip, paraqrip, parainfluenza, korona, adenovirus, resevevirus, rinovirusda da rast gəlinir. Bəzi insanlarda başqa əlamətlər də müşahidə olunur, bu, yanaşı xəstəliklərin olmasından, yaşdan və immunitetdən asılı olaraq, yüngül və ya kəskin formada dəyişə bilər. Bütün viruslardan sonra fəsadlar - bakteriyaların ağırlaşması, pnevmoniya, plevrit tablosu (ağciyər pərdəsinin iltihabı) yarana bilər.

Virus infeksiyalarında ilkin vəziyyətdə izolizasiya halında digər insanlardan uzaq durmaq, maska taxmaq, ev şəraitində istirahət etmək mütləqdir. İlk günlərdə antibiotiki yalnız həkim nəzarəti altında istifadə etmək lazımdır. Əlbəttə, bu da xəstəni müayinə etdikdən sonra verilə biləcək qərardır. Bundan başqa, bol maye və hərarətsalıcı dərmanlardan istifadə etmək virusdan sağalmaq üçün yetərlidir".

Yayılmış virusla bağlı Lent.az-ın sorğusuna Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov da münasibət bildirib. 

O deyib ki, hazırda yayılan xəstəliklər payız-qış mövsümünə xas olan respirator viruslar qrupunun artımıdır.

"Bu vəziyyət hər il bu dövrdə gözləniləndir. Fəaliyyət göstərən virusların növləri arasında qrip, paraqrip, adenovirus, rinovirus, respirator-sinsitial virus (RSV) kimi viruslar var. Hazırda qripin alovlanması müşahidə edilmir. Ölkədəki ümumi epidemioloji vəziyyət sabit qiymətləndirilir. Bu o deməkdir ki, xəstəlik hallarının artımı nəzarətdədir.

Xəstəliklərdən qorunma üçün əllərin tez-tez və ən azı 20 saniyə sabun və su ilə yaxşıca yuyulması, tənəffüs yollarının gigiyenasına riayət edilməsi: öskürərkən və asqırarkən ağzı və burnu əllərlə deyil, birdəfəlik salfet və ya dirsəklə bağlanması, xəstə insanlarla yaxın təmasdan çəkinmək, tez-tez istifadə olunan əşyaların və səthlərin (qapı tutacaqları, oyuncaqlar) müntəzəm təmizlənməsi, kəskin respirator virus infeksiyası epidemiyaları dövründə insanların böyük izdihamından yayınmaq kimi qaydalara riayət etmək lazımdır. Bundan başqa körpələr üçün ana südü ilə qidalanmanın davam etdirilməsi, çünki ana südü qoruyucu faktorları ehtiva edir. Xəstəlik əlamətləri ağırlaşdıqda həkimə müraciət etmək tövsiyə olunur". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 104

Oxşar yazılar