Evli cütlüklər arasında yaranan problemlər çox zaman boşanmayla yekunlaşır. Təsadüfi deyil ki, ildən-ilə nikahların pozulması halları da artıb. Ayrılıqdan sonra azyaşlı uşaqlar çox zaman anaya verilir.
Bəs görəsən, boşanmadan sonra ana onunla yaşayan övladı ilə birlikdə xarici ölkəyə köçə, orada qala, yaxud evlənə bilərmi? Bu zaman ata övladının xaricə çıxışına mane ola bilər?
Hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, uşaq hansı valideynlə qalırsa, onunla da xarici ölkəyə gedə bilər:
“Boşanma zamanı məhkəmə uşağın hansı valideynlə yaşamasını məqsədəuyğun hesab edirsə, bu zaman uşaqla birlikdə xarici ölkəyə də getməkdə problem yoxdur. Əgər digər tərəf bundan narazılıq edərsə, o zaman aidiyyatı qaydada məhkəməyə müraciət edə bilər. Həmçinin qadın başqa biri ilə evlənsə belə, ata övladına aliment verməyə davam etməlidir. Çünki aliment məhz uşağın yaşayışı üçün ödənilir. Boşanmadan sonra qadının başqası ilə evlənməsi, subay qalması, yaxud sevgilisinin olması uşağa verilən alimentə heç cür təsir etmir”.