Azərbaycanda peyvəndləmə ilə bağlı tərəddüdlərin SƏBƏBİ – Mütəxəssislər DANIŞIR
25 fevral 2021 15:07 (UTC +04:00)

Azərbaycanda peyvəndləmə ilə bağlı tərəddüdlərin SƏBƏBİ – Mütəxəssislər DANIŞIR

Digər ölkələr kimi Azərbaycanda son bil ildir gözə görünməyən düşmən olan koronovirusla mübarizə aparır. Baxmayaraq ki, karantin və təcrid tədbirləri görülür, yerli xəstələrdən, ölkəyə gələn hər bir xarici vətəndaşdan test nümunələri götürülür ötən il martından iyulun ortalarına təsadüf edən xəstəliyin ilk dalğasında aktiv COVİD xəstələrin pik sayı 8650 adam təşkil etmişdir. Səhiyyə sistemimiz çökmə riski ilə üz-üzə idi. Təcili sürətdə paytaxt Bakıda yeni klinika istifadəyə verildi, 1500-2000 çarpayılı modul tipli xəstəxanalar quruldu. Oktyabrdan başlayan xəstəliyin ikinci dalğasının pik nöqtəsində yoluxanların sayı 62420 nəfəri ötmüşdü.

Hazırda xəstəliklə bağlı vəziyyət nəzarət altında olsa da, virusa tam qalib gəlmək üçün növbəti mərhələdə peyvəndləməyə qarşı tərəddüd hissini boğmaq və kollektiv immunitet qazanmaq üçün vaksinasiya olunmaqdır.

Lakin cəmiyyətimiz istər mövcud virusa, istərsədə digər xəstəliklərə qarşı peyvəndləməyə münasibəti birmənalı deyil. Bəziləri vaksinin keyfiyyətindən şübhəlidir, digərləri səhiyyə sistemimizə etibar etmir. Xəstəliklər üzərində vaksinsiz qələbə qazanmağa inananlar da var. Yerli xüsusiyyətlərimizə unutmayaq. Orqanizmini dinləyə bilməyən insanımız ən son anda həkimə müraciət edir və bəzi hallarda artıq gec olur.

İnsan həyatı dəyərində dillemalar

“Bunu bir az tez gətirə bilməzdirlər? Anamın ölümünü gözləyirdilər?”,- deyir 60 yaşlı paytaxt sakini Elman Əhədov. Onun 20 gün reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulan anası yanvarın 18-də dünyasını dəyişib. Bu hadisə Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlayan günə təsadüf edib.

Elman deyir ki, xəstəxanaya yerləşdirildikdən əvvəl 83-yaşlı anasının bir neçə xroniki xəstəliyi olub. Lakin koronovirusa yoxulandan sonra vəziyyəti kəskin pisləşib. Ailələrinin başına gələn bu hadisəyədək müsahibimin xəstəliyə olan münasibəti fərqli idi.

“Interneti, sosial şəbəkələri yaxından izləyirəm. Orda xəstəlik və vaksinlə bağlı müxtəlif fikiləri görürdüm. Anam yoluxmayanadək bu virusa aid məsələlərə ciddi yanaşmırdım”.

Elman Əhədəvun anası virusun səbəb olduğu ötən ildən indiyədək ölən 3 206 nəfərdən biridir. Bu günə kimi Azərbaycanda 233 644 insan bu virusa yoluxub, onlardan 228 157-si sağalıb, digər 2 281 COVİD xəstəsi müalicəsini davam etdirir. Hər yerdə olduğu kimi, Azərbaycanda da tibb sahəsində çalışanlar və yaşlı nəsl nümayəndələri risk qrupuna aiddir və peyvənd olunacaqlar arasında ilk sıralardadır.

Yeni reallıq yeni çağırışlarla yol açır

Azərbaycan vaksin seçimində böyük ehtimalla mart ayının əvvəlində ÜST-nın son təsdiqini alacaq və Çin istehsalı olan üç peyvənddən biri, “Koronavac” peyvəndini seçib. BƏƏ, İndoneziya, Bəhreyn, Türkiyə, Braziliya, Çili də bu peyvəndə üstünlük verib.

Azərbaycan höküməti dörd milyon doza peyvənd alıb. Bir nəfərin iki doza istifadə etdiyini nəzərə alsaq, mövcud ehtiyatlar iki milyon insanı və ya əhalinin 20 faizini əhatə edəcək. Səhiyyə rəsmiləri bunun hələlik yetərli olduğunu söyləyirlər. Əhalinin 40 %-na peyvənd vurulacağını planlaşdırılır. Vaksinin qalan hissəsi “COVAX” çoxtərəfli platforması vasitəsi ilə satın alınacaqdır.

Üstəlik, Çin peyvəndi inaktivləşmiş, yəni təsirsiz, ölü vəziyyətə gətirilmiş virus əsasında hazırlanıb. Bu isə uzun müddət ərzində təsdiqini tapmış bir texnologiyadır və

Azərbaycan əhasili məhz bu kimi peyvəndlərdən istifadə edir. Bu pevəndlərin əks-təsirləri də bəllidir - baş ağrısı, hərarət və lokal reaksiyalardır.

Tibbi işçiləri, 65 yaşdan yuxarı yaşlı insanlar və epidemiya əleyhinə tədbirlərdə iştirak edən hüquq-mühafizə orqanlarının işçiləri peyvənd edildikdən sonra, vaksin təhsil, sosial təminat və digər sahələrdə çalışan və əhali ilə birbaşa təmasda olan insanlara pulsuz təklif ediləcək. Həmçinin xroniki xəstəliklərdən əziyyət çəkənlər də bu mərhələdə bu vaksindən yararlana bilcək. Sonda isə digərləri peyvənddən bəhrələnə biləcək.

Qeyd etmək lazımdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vaksinasiyaya aid yeni elektron xidmət istifadəyə verilib. Həmin xidmət vasitəsilə əvvəlcə 65 yaşdan yuxarı olan şəxslər, sonra isə digərləri onlayn növbəyə yazıla bilər. Xidmət tibb müəssisələrinə insan axınının səmərəli idarə olunması və vaxta qənaət etmək məqsədi daşıyır.

Azərbaycanda peyvəndləmə ilə bağlı tərəddüdlər haradan qaynaqlanır?

Lakin vaksinin kömək edəcəyinə inanmayan xeyli sayda insan da var. Çipləşmə və virusun suni təbiətə malik olması kimi müxtəlif konspirasiya nəzəriyyələri peyvənd vurmağa tərəddüd edənləri sayının artmasına gətirib çıxarır.

Hazırda vacib məsələ ondan ibarətdir ki virus ölümcüldür. 37 yaşlı paytaxt sakini Ülviyyə Bayramova da (şərti ad) belə düşünür. Genetik, kimyaçı və həkim ailəsindən olan müsahibim Azərbaycanın vaksin seçimini dəstəkləyir. Lakin ixtisasca auditor olan Ülviyyə eyni zamanda əmindir ki, hər bir vaksin keyfiyyət stadartlarına cavab verməli, yoxlamalardan keçməli və müəyyən olunmuş vaxtda işlənilib hazırlanmalıdır.

“Söhbət peyvəndən sonra dərhal ortaya çıxa biləcək fəsaddan getmir, vaksinin bir-iki ildən sonra orqanizmə necə təsir etməsindən gedir. Hər şey plana əsasən gedəcək, immunitet yaranacaq? Bunu heç kəs indi deyə bilməz. Ancaq zaman göstərəcək, ” deyir Ülviyyə.

Sosial şəbəkələr xəstəlik və peyvəndlə bağlı elmi cəhətdən əsassız fikirlərlə doludur və istifadəçilər istədiklərinə inanmağa meyllidirlər. Xoşbəxtlikdən onların arasında fərqli düşünənlər də var.

Şama Ağamuradova

47 yaşlı Bakı sakini Şama Ağamuradovanın qənaətinə görə, insan koronavirus da daxil olmaqla istənilən yolxucu xəstəlikdən, həmçinin zərərli vərdişlərədən, sağlam olmayan pəhriz və ya xroniki xəstəliklərdən vəfat edə bilər. İxtisasca psixoterapevt olan Şama əmindir ki, hamının peyvənd prosesində iştirak etməsi virusu məğlub etmək məqsədi daşıyır.

“Özlərini və yaxınlarını düşünən hər kəs bu prosesdə iştirak etməlidir. Peyvəndləmə hökumətin qrafikinə uyğun gedərsə, heç bir əks təsir və ya başqa problem olmazsa, ailəmlə mən vaksinasiya olunacayıq. Bu, normal həyata qayıtmaq üçün düşünülmüş addımlardan biridir".

Əsassız inanclar və inamsızlıq

Son bir ildə əhalinin normal həyatının pozulduğu heç kimə sirr deyil. Virus fenomeni cəmiyyəti ikiyə bölüb. İyul ayında xəstələrin sayındakı ilk pik nöqtədən sonra əhali virusa daha ciddi yanaşmağa başlayıb. Lakin sosial şəbəkə istifadəçiləri arasında

yanvar ayının ortalarında “vaksinasiya olunacaqsınız, ya yox ?” sorğusu maraqlı nəticələr ortaya çıxartdı. Belə ki, sorğuda iştirak edən 1858 nəfərdən 1127 peyvəndləmənin əleyhinə, 402 iştirakçının leyhinə olduğunu, 329 nəfərin isə qərar vermədiklərini söyləyib.

Vaksinlərin yeni olması, uzunmüddətli təsirləri və effektivliyi barədə məlumatların nisbi çatışmazlığı səbəbindən hələ də Azərbaycan cəmiyyətində vaksinasiyadan keçməklə bağlı yekdil razılığ yoxdur. Təəccüblüdür ki, hətta virus və peyvənddən əmin olmayan həkimlər də var.

Həkimlər də daxil olmaqla heç kim yalnış mühakimələrdən və səhvlərdən sığortalanmayıb. Lakin iddia edilən həkim tərəfindən bir səhv baş verdikdə, bu bütövlükdə səhiyyə sisteminin nüfuzuna təsir göstərir.

Bu cür hadisələr barədə məlumat məsələnin əsl səbəblərinə varmadan cəmiyyət üzvləri arasında sürətlə yayılır.

 

Firuzə İsqəndərova 8-ci sinifdə oxuyan 15 yaşlı Muradın anasıdır. Qıcolmalar səbəbindən Murad son beş ildiki təhsilini evdə davam etdirir. Doğuşun çətin və əziyyətli keçdiyini etiraf edən ana qıcolmalarının əsas səbəbini oğlunun altı aylığında sahə həkimi tərəfindən vurulan difteriyaya qarşı peyvənddə görür.

“Muradın üç gün yüksək hərarəti var idi, gözləri sulanırdı. Qıcolmaları başladı və səhhəti pisləşdi. O vaxtdan bəri onu həkimlərə apardıq. Heç bir şey kömək etmir”,-deyir anası.

Muradın xalası Şeyda Nəbili deyir bu hadisə ailənin digər uşaqların peyvəndləməsi qərarını təsir edib. Ailə üzvləri COVID-ə qarşı peyvəndləməin də əleyhinədir.

“Qızım Şəmsin dörd yaşı var. Mənə qızılca peyvəndinin hərarətə səbəb olmadığını söylədilər, amma yox dedim. Qızım qızılcaya yoluxsa, həmin vaxt lazımi tədbir görəcəm. "

İsgəndərovlar ailəsi

Azərbaycanda vaksinasiya ilə bağlı tərəddüdləri artıran digər şübhələr peyvəndin mənşə ölkəsi, hazırlandığı texnologiya və təhlükəsizliklə əlaqədardır. Bu amillərin nəzərə alınması səhiyyə sahəsində çalışan işçilərin qərarından aslıdır.

Avropa nevrologiya akademiyasının həqiqi üzvü Qalib Əsədov müharibə və aclıqla yanaşı, tarixboyu insanları öldürən infeksyon xəstəliklərə qarşı peyvəndin yaradılmasını inqlabi hadisə hesab edir. Həkim-nevroloqun qənaətinə görə, insanlarla işləyən tibb mütəxəssisləri bilməlidir ki, bu və ya digər peyvəndi hər kəsə vurmaq olmaz, çünki peyvəndin vurulması üçün göstərişlər və əks göstərişlər var.

“Bir haldakı onu vurandan sonra bu xəstəliyə qalib gələcəyik niyə onu vurdurmasınlar? Buna əsas səbəb ölkə səhiyyəsinə inamsızlıqdır. Xəstənin həkimə əgər inamı yoxdursa, o həkim xəstəyə kömək edə bilməz. Bu gün vaksinasiya keçirəndə birinci növbədə vaksinasiyanı keçirən qurum həmin inamı bərpa etməlidir. Etməsə, xeyri olmayacaq”, - əmindir Qalib Əsədov.

 

Peyvənd keyfiyyətinə nəzarət və düzgün istifadə uğura aparan yoldur

Vaksinasiyanın effektivliyi və yekun uğur iki əsas amillə birbaşa əlaqədardır: keyfiyyətə nəzarət və peyvəndləmənin düzgün idarə olunması. Vaksinlərin təhlükəsiz qalması üçün soyuq zəncir sistemi təmin edilməlidir. Yəni, peyvəndlər müvafiq şərtlərə uyğun olaraq bütün müəssisələrə lazımlı şəkildə daşınmalı, paylanmalı və saxlanılmalıdır.

Etibarlılıq, peyvəndin ölkəyə gətirilməsi və effektivik meyarları ilə yanaşı, Çin peyvəndi Azərbaycanda mövcud infrastruktura çox uyğundur. Yeri gəlmişkən, bu peyvəndi alan digər ölkələrdə keçirilən testlər vaksinin 50-90 % effektiv olmasını göstərib. Çatdırılma və saxlama şərtləri onu istənilən yerə çatdırmağa imkan verir. Bu məqsədlə Azərbaycanın tibb müəssisələrinə müvafiq soyuducular tədarük edilmişdir. Bəs peyvəndin vurulmasına necə nəzarət olunur?

Belə ki, Azərbaycanda bəzi insanlar düzgün vurulmamış peyvəndin onlara zərər verəcəyindən narahatdır. Onlar əmin olmaq istəyirlər ki peyvəndlərin saxlanılması, vaksinatorların səriştəsi, vaksinlərin vurulduğu otaqlar və müvafiq şərait kimi əsas şərtlərə riayət olunur.

Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) səhiyyə işçiləri üçün baza və tematik kurslar keçirir. İSİM-in layihələrin əlaqələndirilməsi söbəsinin müdiri Səbinə Babazadə deyir ki, birinici kurslar hər beş ildən bir keçirilir və məqsəd tibb işçilərinin baza bilikləri yeniləməkdir. İkinci kurslar isə 40 saat davam edir və vaksinatorlara yeni peyvəndlərlə aid praktiki bilikləri aşılayır - onu hansı lazımi hərarətdə saxlamaq və vurmaq, vaksin hansı mümkün reaksiyaya səbəb ola bilər və s.

“Tibb işçiləri o vaksin otağında işləmək üçün hər il yanvar ayında imtaham verir, sübut eləsin ki, bir tibb işçisi kimi, bir vaksinator kimi hər şeyi düzgün edir, bütün qaydalara riayət edir. Çünki əsas iş vaksinatora düşür”,- deyir Səbinə Babazadə.

Səbinə Babazadə deyir ki, Səhiyyə nazirliyi peyvənlərin təhlükəsiz olmasına, soyuq zəncir sisteminə ciddi riayət edir və ÜST-ün təstiq etdiyi tədqiqatlar, kliniki test, protokol və məqalələr olmadan peyvədləməyə aid heç bir qərar verilmir.

Vaksinlərin təhlükəsiz olması prioritet məsələdir

Təhlükəsizlik və effektivlik ilə əlaqədar ÜST standartları və müvafiq sertifikatlar peyvənd seçimi üçün həlledicidir. Bu həm milli peyvənd təqvimi və immunizasiya proqramları çərçivəsində, həm də koronavirusa qarşı vurulan vaksinlərə aiddir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva təkidlə söyləyir ki, istənilən virusa qarşı peyvəndləmə zəruridir və bu peyvəndlər bir çox xəstəliklərin azalması və ya ümumiyyətlə yox olmasına gətirib çıxarıb. Əks təqdirdə, ağırlaşma və hətta ölüm riski yüksəkdir.

“Hamiləlik dövründə həmin xəstəliyə yoluxan ananın doğulan uşağında anadangəlmə məxmərə sindromu ola bilər. Uşaqda görmə, əqli,eşitmədə ağrlaşmalar olur", - deyir infeksionist.

 

Mövcud pandemiyaya gəlincə, epidemioloq karantin tədbirlərinin KOVİD-ə yoluxma sayının azaltdığına əmindir, lakin qalan yolu yalnız insanları vaksinasiyaya inandırmaqdan keçdiyi qənaətindədir.

“COVID-dən ölənlərin sayı yüksəkdir. Bu xəstəlik sözün hərfi mənasında hər bir ailəyə, təşkilata və idarəyə təsir etdi”, - o deyir.

 

Həkimlər əmindir ki, vaksinasiya effektiv olacaq və kollektiv immunitetinin yaranmasına gətirib çıxaracaq. Milli Oftalmoloji Mərkəzinin anestezioloqu və reanimasiya mütəxəssisi Şahin Məmmədov peyvəndləmənin karantin və təcrid zamanı daha təsirli bir tədbir olduğunu düşünür. O, deyir ki, kafe və digər ictimai yerlərin lazımi peyvəndləmə edilmədən açılması mövcud təcrid müddətinin uzadmasına gətirib çıxaracaq.

Onun qənaətinə görə, Azərbaycan dünyanın bir parçası olduğu üçün məhdudiyyətlərin qaldırılması başqa yerlərdə də yoluxma saylarının azalmasından asılı olacaq. Lakin burada əksəriyyət peyvənd olunan kimi karantin rejimi ləğv ediləcək.

“Ağır xəstələrin və ölümlərin sayı azalacaq, yüngül və orta dərəcədə xəstələrin sayı qrip xəstəliyindəki kimi bir müddət qalacaq. Baxmayaraq k, bu, bir az zaman alacaq, ölkə tədricən KOVİD-dən əvvəlki dönəminə qayıdacaq. Dərhal deyil. Ancaq qayıdacaq”,- deyə Şahin Məmmədov bildirib.

Şahin Məmmədov

Müəllif:  İsmayıl Fətəliyev

Vizual: Sənan Kəsəmənli

Bu məqalə Moldova və Cənubi Qafqaz ölkələrindən olan jurnalistlər üçün Thomson Reuters FonduSABIN Vaccine İnstitutunun birgə dəstəyi ilə keçirdiyi “Peyvəndləmə və peyvənd mövzularında KİV-də işıqlandırma” onlayn təlim və mentorluq proqramındakı iştirak nəticəsində hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14181
avatar

Oxşar yazılar