“Hazırda övladlığa verilə bilən uşaqların ümumi sayı 14-dür”.
Bunu Lent.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib. Onun sözlərinə görə, uşaqlardan 7-si oğlan, 7-si qızdır.
“Bu günə olan məlumata əsaslanaraq deyə bilərik ki, övladlığa verilmiş ümumi uşaq sayı 13 nəfərdir. Onlardan qız uşaqlarının sayı 8, oğlan uşaqlarının sayı isə 5 nəfərdir. Övladlığa verilmiş uşaqlar arasında sağlam uşaq sayı 12, sağlamlıq imkanları məhdud uşaq sayı 1 nəfər təşkil edir. 13 nəfər elektron sistemlə edilən müraciətlər əsasında övladlığa verilən uşaqlardır”.
Qeyd edək ki, 2020-ci ilin mart ayından etibarən Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığagötürmə prosesi elektron formada həyata keçirilir. Bu imkandan yararlanmaq istəyən hər bir şəxs valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsistemi vasitəsilə bu hüququnun olub-olmadığını öyrənə bilər. Bunun üçün şəxs əvvəlcə adoption.mlspp.gov.az saytına daxil olaraq, “övladlığagötürmə hüququmun yoxlanılması” bölməsinə keçid etməlidir.