Azərbaycanda kərə yağı  bahalaşır - Saxta, ucuz yağlar satılacaq
12 yanvar 2026 16:09 (UTC +04:00)

Azərbaycanda kərə yağı bahalaşır - Saxta, ucuz yağlar satılacaq

0

Bu ildən etibarən Azərbaycanda kərə yağının idxal rüsumu 5 faizdən 15 faizə qaldırılıb. Bu isə onu deməyə əsas verir ki, qiymətlərdə artım qaçınılmazdır. Lakin müəmma ondan ibarətdir ki, kərə yağlarının qiyməti və tərkibi ilə bağlı daim şübhələr var. Qiymətlərin qalxması fonunda alış-verişi tənzimləmək üçün alıcıları aldadan saxta və ucuz qiymətə təklif olunan yağlar evimizə ayaq basmayacaq ki?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri, iqtisadçı Eyyub Hüseynov Lent.az-a bildirib ki, artıq aylardır ölkədə süt çatışmazlığı var:

“Azərbaycanda 5 aya yaxındır ki, süd defisiti yaranıb. Buna təsir edən amillərdən biri də dabaq xəstəliyi oldu. Bu şəraitdə yağın qiymətinin artması və idxal rüsumunda dəyişiklik yalnızca istehsalçılara ziyan vurur. Çünki alıcılar daim kərə yağının qiymətinin bahalığından şikayətlənirlər. Bu hal istehlakçıların alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olacaq. Paralel olaraq saxta, tərkibi müəmmalı olan yağların satışına stimul yaranacaq, eləcə də məhlə dükanları, kəndlərdə hazırlanan yağlar "kənd yağı" adı altında geniş yayılacaq. Yəqin ki, bu halda insanlar bitki yağlarını istehlak etməyə üstünlük verəcəklər. Kərə yağı ilə bağlı təəssüf ki, ildən ilə problemlər artır. Lakin biz optimist yanaşırıq, düşünürük ki, işğaldan azad olunmuş yerlərdə böyük heyvandarlıq fermaları yaranacaq. Hökumət aqrar siyasəti rasional apardığı halda yaxın 8 ildə Azərbaycanın ət, süd və kərə yağından asılılığı minimuma enəcək”.

Bəs təbii, tərkibi müəmmalı olmayan yağları necə ayırd edək?

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, yağ alarkən ilk növbədə onun etiket məlumatlarını oxumaq lazımdır:

“Bu gün satışda olan bir çox keyfiyyətsiz, mənşəyi bəlli olmayan, insan orqanizminə zərər verən yağların qəbulu həm xəstəliklərin yaranmasına, həm inkişafdan geriqalma, həm də ürək-damar xəstəliklərinə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarında ürək-damar xəstəliklərindən ölən insanların sayının çoxalması və Azərbaycanın da bu sırada yer alması göstərilir. Sözsüz ki, bu xəstəliklərin yaranmasında keyfiyyətsiz yağların rolu əsasdır.

Kərə yağı fəsildən asılı olaraq 20-25 litr süddən əldə olunur. Yağ alanda onun etiket məlumatlarına diqqət etmək lazımdır. Yağ hansı növə aiddirsə, mütləq 70-80 faizi ondan ibarət olmalıdır. Qalan faizini isə köməkçi maddələr təşkil etməlidir.

Bu gün əksər hallarda kərə yağı adı altında satılan yağların tərkibində transyağlar, marqarin, kərə dadlandırıcılar, aromatizatorlar istifadə olunur. Bu tərkib isə xüsusən riskli xəstəliklər yaradır. Aldadıcı məqam odur ki, bitki yağı altında satılan yağların da heç də, hamısı orqanizm üçün faydalı deyil. Bu hal palma yağında özünü daha çox göstərir. Onu isə çox zaman “bitki yağı” altında satıb, tərkibində göstərmirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1816

Oxşar yazılar