Dünyada COVID-19-un müxtəlif yeni ştammları sürətlə yayılmaqda davam edir.
Maraqlıdır, Azərbaycanda onlardan hansılar aşkarlanıb?
Lent.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) bildirilib ki, ölkədə yayılan ştammlarla bağlı hazırda məlumat yoxdur:
“Ştammlarla bağlı yeni məlumat olarsa, ictimaiyyətə açıqlanacaq”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə saytımıza açıqlamasında bildirib ki, koronavirusun mövcud ştammlarının əksəriyyəti hazırda ölkədə var:
“Məsələn, Böyük Britaniya ştammının olması şübhəsizdir. Çünki üçüncü dalğanı əsas şərtləndirən bu ştamm oldu. Britaniya ştammı səbəbindən Azərbaycanda yoluxanlar kəskin artdı və xeyli itkilərimiz oldu. Bildirim ki, Böyük Britaniyada hazırda xəstəliyə daha çox nəzarət edə bilirlər. Çünki orada iş düzgün quruldu və peyvəndləmə prosesi kütləvi aparıldı. Bizdə isə üçüncü dalğada ölüm sayı daha çox müşahidə edildi”.
Professor qeyd edib ki, hazırda yayılmaqda davam edən ikili mutasiyaya uğramış Hindistan ştammı çox təhlükəlidir:
“Vəziyyət bu gün Hindistanda çox pisdir. 20 000 000-dan çox yoluxan var və gündə 3 000 ölüm qeydə alınır. Bu faciələri yaşamamaq üçün ehtiyatlı olmalıyıq. Çünki artıq Hindistan ştammının da başqa ölkələrdə olması aşkarlanıb. Azərbaycanda hazırda bununla bağlı məlumat verilməsə də, bizdə də olması realdır”.
Xatırladaq ki, Azərbaycanda koronavirusun Britaniya ştammının aşkarlandığı təsdiqlənib.