Audiovizual Şura “ARB” televiziyasının yayımının 3 saatlıq dayandırılması haqqında qərar qəbul edib.
Şuradan Lent.az-a verilən xəbərə görə, mayın 5-də Audiovizual Şuranın növbəti iclası keçirilib. İclasda aprelin 25-dən mayın 5-dək ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.
Monitorinqlər zamanı “ARB” televiziya yayımçısının efirində mayın 3-də saat 13:35 - 15.30 arası yayımlanan “Elgizlə izlə” proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi və bununla “Media haqqında” qanunun 14.1.15-ci maddəsinin tələblərinin pozulması faktı qeydə alınıb. Bu səbəbdən, "Media haqqında" qanunun 41.1.1-ci və 41.5-ci maddələrinə əsasən Audiovizual Şura iclasda “ARB” televiziya yayımçısının proqramlarının yayımının mayın 8-də saat 09.00-dan 12.00-dək 3 saatlıq dayandırılması haqqında qərar qəbul edib.