Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İsrailin Cənub dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Cənubi Afrika Respublikasının Şimal-Qərb və Rumıniyanın Mureș inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-a verilən xəbərə görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İsrailinCənub dairəsindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, habelə Cənubi Afrika Respublikasının Şimal-Qərb və Rumıniyanın Mureș inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsraildən, Cənubi Afrika və Rumıniya respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.