Demək olar ki, dünyanın bütün xalqları asqıran adama “sağlam ol” mənasına yaxın bir ifadə ilə reaksiya verirlər. Görəsən niyə? Lent.az “Belə yaranıb” rubrikasında təqdim edir.
Həkimlərin rəyinə görə asqırmaq həyatda qalmağımız üçün yaranmış ən qədim reflekslərimizdən biridir. Sağlam adamlar gün ərzində 4 dəfə asqıqırlar. Asqırmağa səbəb olan bir sıra amillər var. Allergiyalar, işıq, xəstəliklər, yüngül materiallarla buruna toxunmaq və s.
Hippokrata görə asqırmaq orqanizmin yad cisimlərə qarşı yaratdığı müdafiə mexanizmidir.
Mütəxəssislər deyirlər ki, insan asqıran zaman bütün orqanlar, o cümlədən ürək öz işini bir anlıq dayandırır. Amerikalılar və ingilislər qarşılarındakı adam asqırarkən ona “bless you” deyirlər. Bu bir növ duadır, ”Tanrı qorusun” mənasını verir.
Almanlar isə "gesundheit" deyərək qarşılarındakına sağlam həyat diləyirlər. İtalyanlar asqırdıqdan sonra "felicita" ( xoşbəxtlik), ruslar “bud zdarov” (sağlam ol), türklər “çok yaşa” deyirlər. Ərəblər asqırdıqdan sonra Allaha şükr edir, dayanan orqanizmin yenidən işə düşdüyünə görə sevinirlər.
Bəs niyə asqırmaq ölüm təhdidi kimi görünürmüş?
Orta əsrlərdə Avropa müxtəlif qorxunc xəstəliklərin epidemiyası ilə “boğuşurdu”. 14-cü əsrdə yayılmış vəba epidemiyası isə miqyasına görə bütün epidemiyaları üstələdi. Vəba insanların tez-tez asqırmasına səbəb olurmuş. Ona görə Papa VI Georgi bir fərman imzaladı. Bildirildi ki, xristian olan hər kəs asqırdıqdan sonra “Tanrı sizi qorusun", “Tanrı mənə yardım etsin” dualarını oxumalıdır. Yəni, tibbin çarə tapa bilmədiyi bəladan dua ilə qorunmaq istəyirdilər.
Başqa xalqların dilində işlədilən “sağlam ol” ifadəsi də məhz bu qorxunc xəstəlik tarixinə dayanaraq yaranıb.