"Artur Rasizadə ilə işləmək asan deyildi" - Akif Əli ilə EKSKLÜZİV MÜSAHİBƏ
22 oktyabr 2021 20:15 (UTC +04:00)

"Artur Rasizadə ilə işləmək asan deyildi" - Akif Əli ilə EKSKLÜZİV MÜSAHİBƏ

“Hörmətli Lent.az kollektivi günlərin bir günü məni bu rubrikaya qonaq etmişdi. Mən də yaradıcı kollektivə təşəkkürlə bu materialı Facebook-da paylaşdım. İnanın ki, çoxlu sayda “bəyənmə” işarətləri və  “kommentlərdən” sonra gördüm ki, yox, hələ tam unudulmamışam. Hələ yaşamağa və yazmağa dəyər”.

Söhbət saytımızda yayımlanan “Unudulan mətbuat katibləri” layihəsindən gedir. Layihəmizin növbəti yazısı “Tapdıq, Fazil müəllim, məmur - UNUDULAN MƏTBUAT KATİBLƏRİ” adı ilə Akif Əliyə həsr olunmuşdu.

Hə, təsadüfən yazımızı oxuyan Akif müəllim, elə özünün də dediyi kimi bu barədə sosial şəbəkə hesabında paylaşım edir. Facebook hesabında etdiyi paylaşımda qeyd olunurdu:

“Hörmətli Lent.az komandasına yazıya görə təşəkkür edirəm. Haqqımdakı bu mətnin obyektiv və qərəzsiz olması xoşdur. Peşə etikasına riayət edən kollektivə və rəhbərliyə səmimi minnətdarlığımı bildirirəm. Barəmdə yazılan bu qısa material mənim üçün xoş sürpriz olmaqla yanaşı, kədərli düşüncələrə də qərq etdi: "Doğrudanmı mən artıq unudulmuşam?!”

Akif müəllimi düşüncələrə qərq edən sualı elə özümüz ona ünvanladıq. Bizi təkcə bu sual yox, bir çox məqamlar maraqlandırırdı. Bilirəm ki, bu məqamlar elə oxucularımızın da maraq dairəsindədir.

Lent.az 2-ci dərəcəli Dövlət müşaviri, Fəlsəfə doktoru, Əməkdar jurnalist, yazıçı-publisist Akif Əli ilə eksklüziv müsahibəsini təqdim edir:

- Hazırda nə işlə məşğulsunuz? 

- Yazı işi ilə. Bildiyiniz kimi, 2019-cu ilin Novruz bayramı ərəfəsində mən yaradıcılıqla məşğul olmaq üçün öz istəyimlə ərizə yazıb dövlət qulluğundan istefa verdim. Məmurluqdan ömür yolumun əvvəlinə qayıdıb, yaradıcılığımı davam etdirməyə başladım. Çoxlu mövzular, qeydlər, süjetlər var ki, hələ yüz il də yazsam qurtarmaz. Seçib ən aktual, ən yaxşı hesab etdiklərimi hərdən yazıram, arada saytlara da təqdim edirəm. Yazı işi indi mənim üçün bir hobbi olub, sevimli məşğuliyyət kimidir. Daha məcburən işimin xətrinə yazı yazmıram. Azad sənətkar kimi kefim istəyəndə qələmə, klaviatura əl atıram. Onsuz da yazıçılığı özünə peşə etməklə dolanışıq təmin etmək mümkün deyil, çünki qonorar institutu ya yoxdur, ya da yox kimidir.

   

- Kitab yazmağa davam edirsiz?

- Təbii, “az-az uydururam yeri gələndə”... daha çox publisistik məqalələr, tariximizlə bağlı elmi tədqiqatlar... Amma ötən il bir kitab yazdım, ictimai-siyasi, sənədli publisistika janrında. Hökumətdə işlədiyim vaxtlardan bəhs edir.  Çap da olunub, amma hələlik üzə çıxartmamışam. Türklər demişkən, zamana ehtiyacı var... Bu yaxınlarda isə “Özgə dünya” adlı povest yazdım. Başqa-başqa dünyaları olan müxtəlif tip adamların həyatı, davranışı, fəaliyyəti, məhəbbəti var orda...  Yazıb dincə qoymuşam. Bir az keçsin, yazı səngisin, özünə gəlsin, sonra bir də əl gəzdirib, “bazara” çıxardaram. Hara tələsirəm ki? Onsuz da indi heç kim heç kimin kitabını oxumur.

 

- Mətbuat katibi olan dövrlərdə dinamik həyat tərziniz var idi. Bəs, indi darıxmırsınız?

- Təkcə mətbuat katibi olan dövrlərdə yox... Ta institut illərindən, kinoda, radioda, televiziyada, qəzetdə, ali məktəbdə çalışandan “qaynar qazanın” içindəyəm. Nazirlər Kabineti də ki öz yerində... Siz düz deyirsiniz, həqiqətən bütün ömrüm boyu dinamik həyat tərzi keçirtmişəm. Daim qaçaqaç, tələs, cəld ol, tez elə, gecikmə... Çox vaxt bir neçə işi paralel görmüşəm. Məqalə yaz, efirə veriliş hazırla, dissertasiya üzərində işlə, çəkilişə get, kitab tərcümə et, rəsmi toplantılara qatıl... Beləcə ömrümün çoxu qaçaqaçda keçdi getdi.  İdarələrdəki gündəlik iş axarı həyatımı da özü ilə axıtdı apardı... İndi gözdən uzaq, tam sakit, kimsəsiz, tənha mühitə, guşənişinliyə üstünlük verirəm. İdeal sakit şəraitdə düşüncələrə dalmaq, olub-keçənləri, min bir hadisəni, çeşid-çeşid adamları yada salmaq və yazmaq, yazmaq, yazmaq... Belə həyat tərzini ömür boyu arzulayırdım. Deyir, niyyətin hara, mənzilin ora. Bu gen dünyada sakit, səssiz, dinc həyat şəraiti olan bir yer tapmaq böyük sərvət tapmaqdan üstündür. Elə bu günlərdə cənab Prezident ictimaiyyət nümayəndələri ilə Tuğ kəndinə səfər edəndə oxşar bir nüansı müşahidə etdim. Prezident adamlara üzünü tutub dedi ki, baxın, necə sakitlikdir buralar, tam səssizlikdir, əsil cənnətdir elə bil... Bu nüans Prezidentin işinin nə qədər ağır olduğundan, gərgin fəaliyyətindən xəbər verirdi... Dolayısı ilə, mən indiki sakitlikdə nəinki darıxmıram, əksinə, ömür boyu ifrat dinamiklikdən bezib, belə yaşam tərzinin daha çox uzanmasını istəyirəm. Tanrı bilən məsləhətdir. 

 

- Ömrünüzün bir çağında filmlərdə rol aldınız, tamaşaçılar tərəfindən həm də aktyor kimi sevildiniz. Yenidən filmlərdə çəkilmə təklifi gəlsə, qəbul edərsinizmi?

- Düz deyirsiniz, bir vaxtlar kinoaktyor kimi çox tez və sürətlə məşhurlaşdım. Hərçənd mən peşəkar aktyor yox, filoloqam. Hamı kimi kinonu sevirdim. Gəncliyimdə dalbadal bir neçə filmdə baş rollara çəkildim. Qəzetlər, jurnallar, efirlər mənim haqqımda gənc kinoaktyor kimi geniş materiallar verirdi...

Kinoşünas Aydın Kazımzadə o illərə şahiddir. Həmin yazıları arxivimdə saxlayıram. O dönəmdə kinoda o qədər məşhurlaşdım ki, populyarlıq yordu məni hətta. Daim diqqət mərkəzində olmaqdan, pərəstişkarlara gülümsəməkdən, kameralar qarşısında poz verməkdən bezdim. Və kinoda məşhurlaşmağımın qarşısını özüm aldım, fəaliyyət sferamı birdən-birə dəyişdim. Jurnalistikaya, elmi-pedaqoji fəaliyyət sahəsinə getdim... Amma heç oralarda da “dinclik” olmadı. Radioda, Televiziyada işlədim, Akademiyada dissertasiya yazdım, kitablarım çıxdı, tərcümələr etdim, Ali məktəbdə mühazirələr oxudum... Hamısı da gərgin işlər... İndi yenidən filmə çəkilmək məsələsinə gəlincə, bir ara təkliflər olurdu, amma istəmirdim. Başqa işlərim çox idi. İndi sərbəstəm. Bu barədə düşünmək olar... Bir şərtlə... Bu yaş və bu təcrübə zirvəsində özünü gənclik illərində olduğu kimi, zəhmətə adekvat olmayan təşəbbüslə sənət naminə fəda etmək ağıllı iş olmaz. Anlada bildimmi?!        

 

- Sizi aktyor kimi kim kəşf etdi? Bir qədər bu barədə danışaq.

- Uzun söhbətdir... Sovet vaxtı “Lenfilm”də (indiki Sankt-Peterburq kinostudiyası) Stanislav Çaplin adlı kinorejissor var idi. Dissident xarakterli olduğu üçün Moskvada, Leninqradda ona az-az iş verirdilər. O da öz qrupu ilə Düşənbəyə gedib “Tacikfilm” kinostudiyası üçün “Uzun müharibədə qısa görüşlər” adlı bədii film çəkirdi. Müharibə vaxtı ilk tacik təyyarəçisi olmuş Gülşod haqqında lirik ballada idi. Çəkiliş qrupu həmin filmdə baş rol olan Rüstəm obrazı üçün aktyor axtarışına çıxmışdı. Rejissor assistenti Şimali Qafqaza və  Zaqafqaziyanın üç respublikasına ezamiyyətə gəlmişdi. 1974-cü ilin avqust-sentyabr ayları olardı. Mən o vaxt “Azərbaycanfilm” kinostudiyasında professor Adil  İsgəndərovun 2 illik kinoaktyorluq kurslarını təzəcə bitirib, dahi Rəşid Behbudovun iştirakı ilə kinorejissor Oqtay Mirqasımovun çəkdiyi “1001-ci qastrol” filmində ştatdankənar rejissor assistenti işləyirdim. Düşənbədən gələn həmin assistent bir çamadan gənc aktyor şəkli yığmışdı. Bizim “Azərbaycanfilm”dən də içi mən qarışıq bir neçə adamın şəkilini götürüb getdi. Təxminən bir aydan sonra “Tacikfilm”dən teleqram aldım. Düşənbəyə kino sınaq çəkilişlərinə dəvət edirdilər. Getdim. Quruluşçu rejissor Stanislav Çaplinlə görüşdüm, ssenarini oxudum. Və sınaq çəkilişləri oldu. Müxtəlif respublikalardan gələn cavan oğlanlar çəkilirdi. Tacik rejissor Abdusalom Raximov baş rola öz yerlisini təsdiq etmək istəyirdi, ancaq Stanislav Çaplin deyirdi, kim olur-olsun, obraza uyğun faktura olsun. Sınaq çəkilişindən sonra Çaplin mənimlə tetatet xeyli söhbət elədi, dedi çəkiliş əla alındı, mən filmə məhz səni çəkmək istəyirəm. Özü də səmimiyyətlə ucadan belə deyirdi: “Akifçik, kakie u tebya qlaza!!!” Yəni, sənin nə gözəl gözlərin var... O vaxt elə imiş yəqin...

Qayıtdım Bakıya, öz işimin üstünə. Yenə bir aydan sonra Stanislav Çaplindən teleqram aldım ki, bəs Rüstəm obrazına təsdiq olunmusunuz, ayın filanında çəkilişə gəlin. Beləcə proses başlandı.

Biz həmin filmdə Gülşod rolunun ifaçısı, sonralar Özbəkistanın xalq artisti olan istedadlı kinoaktrisa Tamara Şakirova ilə tərəf müqabili idik. 

 

- Usta sənətkarlarla filmlərdə oynamısınız. Necə bir hiss idi?

- Bəli, çox böyük sənətkarlarla birgə  işləmişəm, tərəf müqabili olmuşam.  Bəlkə də o xatirələrdən bir kitab bağlamaq olar. Bayaq dedim, kinoda ilk dəfə dahi Rəşid Behbudovla işlədim, hətta dostlaşmışdıq. Qeyri-adi insan idi. Həm böyük sənətkar, həm də böyük şəxsiyyət. Sənət məsələsində heç kimə bir millimetr də güzəştə getməzdi. Çox da sərbəst adam idi, kompleksi yox idi, istədiyi adama istədiyi sözü şappadan deyirdi. Səsi, sənəti isə, şübhəsiz, qızıl idi. Əvəzolunmaz, tək, yeganə və bir daha təkrarı olmayacaq müğənni! Mən ondan sənətdə çox şey öyrəndim. Sonralar “Tütək səsi” filmində də böyük sənətkarlarla işlədim. Yeri gəlmişkən, Tapdıq obrazına da ustad kinorejissor Rasim Ocaqov bir çox gənc aktyoru sınaqdan keçirmişdi, amma bəyəndiyi yox imiş...

Axırda  kimsə ona deyir ki, bəs, bir azərbaycanlı oğlan “Tacikfilm”də çəkilir, bəlkə onu da çağıraq... O vaxt bizim çəkilişlər artıq Moskvada, Leninqradda davam edirdi. Xülasə, bu dəfə “Azərbaycanfilm”dən teleqram aldım ki, bəs “Tütək səsi” filminin sınaq çəkilişlərinə dəvət edilirsiniz. Təbii, çox sevindim, axı vətən məni çağırırdı... “Vətən, vətən... Çoxmu sevir məni bu vətən” . Nə isə, Çaplindən icazə alıb bir neçə günlüyə Bakıya gəldim. Rasim Ocaqovla görüşdüm, ssenarini verdi, oxudum. Zatən görkəmli yazıçı İsa Hüseynovun povestləri ilə tanış idim. Sınaq çəkilişləri oldu. Sonra eynən Rasim Ocaqov da mənimlə təkbətək xeyli söhbət elədi və dedi, açıq de, özün daxilən hiss edirsənmi obrazı, inanırsanmı ki, Tapdığı lazımınca yarada bilərsən?! Mən özümə güvənərək dedim, bəli, bacaracam. Və çıxdım getdim Leninqrada.

Bir xeyli keçmiş Rasim Ocaqovdan teleqram aldım ki, təbrik edirəm, baş rola - Tapdıq obrazına təsdiq olunmusan, filan vaxt çəkilişlər başlayır, təcili gəl. Oradakı qrupumuzda bir “alkaş”  inzibatçı var idi (lap “Bəxtiyar” filmindəki Ağabala kimi), mənə hədə-qorxu gəldi ki, heç yerə getməyəcəksən, getsən  bıçaqla ciyərini deşərəm... Elə belə dedi: “Po peçeni poluçiş!” Ulu Tanrı həmişə məni hifz edib. Mənə pislik edənlər həmişə haqdan cəzasını alıb. Ömür boyu belə gördüm... Həmin inzibatçı bir gün sonra mehmanxananın  dəhlizində gözümüzün qarşısında durduğu yerdə qıc oldu, qupquru qurudu və tirtap təpəsi üstə yerə dəydi... Nə isə, mən orda çəkilişlərimi vaxtından tez başa çatdırıb Vətənə uçdum...  “Tütək səsi” Azərbaycan kinematoqrafiyasının “Qızıl Fondu”na daxil olan şedevr əsərdir. Rasim Ocaqov çox istedadlı çəkiliş qrupu yığmışdı. Operator Teyyub Axundov, bəstəkar Aqşin Əlizadə, rəssam Elbəy Rzaquliyev, dekorator Rafis İsmayılov... Aktyorlar Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev, Mixail Volontir, Səfurə İbrahimova, Xalidə Quliyeva, Sadıq Hüseynov, mənim “dəli qardaşım”, Cümrü - Şamil Süleymanov...

Hər biri bir tarixi şəxs. O filmdə işləmək bir sənət universiteti qurtarmaq qədər səmərəli idi. Filmin çəkilişləri təzəcə qurtarmışdı ki, istedadlı kinorejissor, mərhum  Arif Babayev “Arxadan vurulan zərbə” filmində Fazil müəllim roluna dəvət etdi.

Orda da böyük sənətkarlarla birgə işlədik... Maraqlı illər idi... Sonra Moskvalı rejissor Vladimir Semakov məni “Əgər bir yerdəyiksə” filmində baş rol olan Məmməd obrazına dəvət etdi...

Mən artıq sınaq çəkilişləri olmadan filmlərə birbaşa təsdiq olunurdum... Eh!... “Keçdi o günlər, Kələntər lələ, çoxdan keçdi...”           

- Geriyə baxdığınızda kaş ki dediyiniz məqamlar...

-...Yoxdur. Düşüncəmə görə, həmişə nəyi necə lazımdırsa, elə də etmişəm. Səhv-düz, nə varsa, mənimdir və özümündür. Heç nəyə peşman deyiləm. Nə yaratdığım obrazlara, nə yazdığım kino-tele-radio ssenarilərə, nə çap etdirdiyim məqalələrə, kitablara və nə də ümumiyyətlə, apardığım danışıqlara, dediyim sözlərə, etdiyim hərəkətlərə... Bu mənim həyatımdır! Nə vaxt nə yazmışamsa, nə demişəmsə, nə etmişəmsə, məqsədli olub, mənası olub, təsadüfi bir şey yazmadım, etmədim, demədim. Kənardan necə görünməsindən, kimin nə deməsindən asılı olmayaraq, mövqeyim belədir.  

 

- Bəlkə də bu suala çox cavab vermisiniz. Amma istərdim, bizim oxucular da bilsin. Artur Rasizadə ilə işləmək necə idi?

- Ulu öndər Heydər Əliyev komandasının sadiq üzvü Artir Tahir oğlu Rasizadə çox müdrik şəxsiyyətdir. Alicənab, mədəni, savadlı, peşəkar... Geniş mütaliəsi var. Heç ola bilməz ki, ondan nəyisə soruşasan və o deyə ki, yox, bunu bilmirəm, bu mənim sahəm deyil. İstər maşınqayırma olsun, istər neft-qaz hasilatı, ya hərbi sənaye, kənd təsərrüfatı, sosial sfera, mədəniyyət, ədəbiyyat, incəsənət, idman... Ən xırda detallarına qədər məlumatı olan fenomendir... Onunla işləmək çox asan və çox da çətin idi. O, konkretlik sevən adamdır, problemi uzatmadan dərhal həll etməyin tərəfdarıdır, idarədə intriqalara yol verməz və intriqan adamları sevməzdi, öz obyektivliyi ilə dedi-qoduya imkan yaratmazdı. Ona nəyisə uzun-uzadı izah etməyə ehtiyac yox idi. Çünki qaldırılan məsələnin məğzini dərhal göydə tutur, təfərrüatı yox, mahiyyəti tələb edirdi... Onunla işləmək elə asan da deyildi. Kadrlarda yalnız peşəkarlığı qiymətləndirər, biliyi, savadı əsas meyar sayırdı. Kiməsə irad bildirəndə bunu son dərəcə nəzakətlə edər, xətrinə dəyməzdi. Ən adi, xırda işçiyə belə həssas yanaşar, problem həll edəndə mütləq tərəflərin hamısını dinləyib sonra qərar verərdi.

Heç bir tərəfi iqnor etməzdi. Bu üsul  idarəçilikdə çox mühüm faktordur. Kiminsə qabağa düşüb donos verməyi ilə məsələ həll etmək naşılıqdır. Hökumətin iclaslarında çox görmüşəm ki, Artur Rasizadə nazirlərin, komitə sədrlərinin, baş idarə rəislərinin hər birinin sahəsinə həmin nazirin, sədrin, rəisin özündən daha yaxşı bələddir. Kobud çıxmasın, ona yalan demək, aldatmağa, nəyisə ört-basdır etməyə cəhd göstərmək mümkün deyildi. Açığı, əgər Baş nazir Artur Rasizadə olmasa idi, mən bəlkə də 25 il Nazirlər Kabinetində oturub qalmazdım. Onun NK Aparatında yaratdığı münbit iş şəraitini, sağlam mühiti, yalnız dövlətçilik amalına xidmət imkanlarını, demokratik ab-havanı hardasa kənarda təsəvvür etmirdim.

Bilirsiniz, hər insan özəl fərdi xüsusiyyətlərə malikdir. Yaradıcı təbiət etibarilə mənim başa düşülmədiyim məkanlar, ünsiyyət zamanı titiz aparat oyunları qaydası tətbiq edilən yerlər, amalı yırtıcı, dünya malına düşkün meşşan xasiyyətli səviyyəsiz çinovniklər, dinamik təfəkkürdən, yüksək mənəviyyatdan, mədəni davranış etiketindən, incə yumor hissindən məhrum quru adamlar məni darıxdırır. İnanın ki, belələrini ömür boyu çox görmüşəm və uzaqlaşmışam. Ancaq Rasizadənin dövründə NK-da çox sağlam, təmiz mühit vardı... Müstəqil Azərbaycan Respublikasının dövlətçiliyinin qorunmasında, iqtisadiyyatının inkişafında, xüsusən, bizi tarixi qələbələrə aparan ordu quruculuğunda əhəmiyyətli xidmətləri olan ləyaqətli dövlət xadimi, praqmatik şahmatçı təfəkkürlü “texnar” idi. Ancaq Artur Tahir oğlu Rasizadəni təəssüf ki, geniş kütlə ya yaxşı tanımır, ya da düzgün tanımır. Bəlkə də təqsir kütlədə deyil. Axı, o heç vaxt reklam olunmayıb və reklam olunmağı sevməyib, haqqında nəsə yazmağa da icazə verməyib. Yalnız qısa informasiyalar! Hətta barəsində məqsədli yayılan yalan, saxta, uydurma şayiələrə də reaksiya verməzdi, özünü o səviyyəyə endirməzdi. Halbuki 25 il ərzində şəxsən mən onun keçirdiyi yüksək səviyyəli tədbirlərdə, görüşlərdə, qəbullarda saysız-hesabsız maraqlı, mühüm, ibrətamiz  epizodların şahidi olmuşam. Xüsusən, daim Şimaldan-Cənubdan-Qərbdən gələn saysız-hesabsız xarici nümayəndələrlə müstəqil Azərbaycanın taleyinə, Qarabağ probleminə, erməni təcavüzünə, torpaqların işğalına, qaçqınların vəziyyətinə, ölkə iqtisadiyyatının qlobal məsələlərinə dair Baş nazirin apardığı çox sərt danışıqlarda iştirak etmiş, onun prinsipial, qəti mövqeyini müşahidə etmişəm. O qəbulların nəticəsi olaraq NK həyatına dair onlarla iri bloknot dəftərlər dolusu əlyazmalarım var. Amma və lakin... İndi Sizin sual verdiyinizə görə, onun haqqında ümumi şəkildə olsa da, yalnız ona görə danışa bilirəm ki, nə o Baş nazirdir, nə də mən onun Mətbuat katibi. İndi Rasizadə görkəmli dövlət xadimi kimi  artıq xalqa məxus tarixi şəxsiyyətidir, mən isə “azad bir sənətkar”... 

NK-da çalışdığım dönəmlərdə Rasizadəni Azərbaycana, xalqa, müstəqil dövlətçiliyimizə son dərəcə bağlı və ölkəyə sədaqətlə xidmət edən nümunəvi məmur kimi tanımışam. Hətta sizə sirr açım ki, qəlbinin dərinliyində o bir Turan sevdalısı idi. Bunu reklam etməsə də, 25 il ərzində mən  bir, ya iki epizodda onun bu “sirrini” görə bilmişdim. Düşünürəm, dahi Hüseyn Cavidin gen və qan qohumu başqa cür ola da bilməzdi.   

 

- Sizcə bir jurnalist unudulmamaq üçün nə etməlidir?

- Peşəsini dəyişməlidir. Çünki jurnalist peşəsinin mahiyyəti özünü unudub, başqalarını təbliğ etməkdən ibarətdir. Necə deyərlər, jurnalist əməyinin adı mənim, dadı özgənin. Hətta elə olur ki, jurnalistlərin şişirtdiyi, təbliğ etdiyi, tərifləyib göylərə qaldırdığı, dünyaya tanıtdığı bir adam, adam olandan sonra jurnalistləri nəinki unudur, hətta bütün  mətbuata saymazlıq göstərir. Beləsi bisavad şoumenlərə daha çox aludə olur, nəinki savadlı, bacarıqlı, peşəkar jurnalistə. Mən gəzib gördüyüm Amerika və  Avropa ölkələrində, o cümlədən bizim qardaş Türkiyədə jurnalistlər cəmiyyətin ən hörmətli, nüfuzlu, elit təbəqəsi kimi sayğı ilə qarşılanır. Bizdə isə bu səviyyənin aşağı salınması - indi hər yerdə açıq yazıldığı, deyildiyi kimi, - son on beş-iyirmi ildə mediamıza yön verən dəllal təfəkkürlü başbilənlərin, saxta “ideoloqların” əməyinin bəhrəsi idi. Amma şair Zakir Fəxri demişkən: “Qalmaz belə, qalmaz dünya”... Və qalmadı

# 12168
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar