Apteklərdə tapılmayan DƏRMANLAR  – Səbəblər açıqlanır
02 fevral 2023 17:11 (UTC +04:00)

Apteklərdə tapılmayan DƏRMANLAR – Səbəblər açıqlanır

“Nə zamana qədər öz dərman zavodumuz olmayacaq o vaxta qədər də apteklər boş qalacaq. Dərman qıtlığının digər səbəbi də dünyada baş verən siyasi müharibələr səbəbindəndir”.

Bu sözləri Lent.az-a farmakoloq Aydın Əliyev ölkədə hökm sürən dərman qıtlığı ilə bağlı problemlərdən danışarkən deyib.

Son zamanlar ölkə apteklərində dərman çatışmazlığı problemi ciddiləşib. Dərman preparatları əsasən Rusiyadan idxal edildiyi üçün, yaranan qıtlığın əsas səbəbini Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirilər. 

Maraqlıdır, bu qıtlığın əsas səbəbi nədir? Paytaxt ərazisindəki apteklərdə nəyə görə dərmanlar tapılmır? Bəs, tapılmayan dərmanların əvəzedicisi olduğu halda hazırda həmin əvəzedicilər də yoxa çıxıb. Bunun səbəbi nədir? Ümumiyyətlə, apteklərdə yaranan bu problemlərin həll yolu nədədir?

Lent.az-a danışan farmakoloq problemin yeganə həll yolunu ölkədə dərman hazırlayan zavodların açılmasında görür:

“Artıq uzun müddətdir ki, ölkəmizdə dərman problemi həll olunmadan qalır. Öncə onu deyim ki, nə zamana qədər özümüz dərman istehsalına başlamayacağıq o qədər də xarici ölkədən dərman asılılığımız olacaq. Və hazırda olduğu kimi dərman qıtlığı ilə üz-üzə qalacağıq. Bununla yanaşı, qıtlığın digər səbəbləri dünyada baş verən müharibələr, siyasi proseslərdir. 

Dərman böyük gəlir gətirən ekonomik bazar siyasətidir. Biz xaricdən dərman alıcılıq qabiliyyətindən asılıyıq. Eyni zamanda, dərmanı tək dövlət tərəfindən yox, həm də şəxsi sahibkarlar tərəfindən xarici ölkələrdən idxal edirik. Həmin şəxsi sahibkarlar dünyada baş verən siyasi məsələlərdən dolayı dərmanların ölkəyə idxal olunmasında problem yaşayırlar. Elə bu səbəbdən də apteklərdən bəzi dərmanların nə özləri, nə də əvəzləyiciləri tapılmır”. 

A.Əliyev dərman qıtlığının digər səbəbini də həkim göstərişi olmadan aptekə gedən sakinlərdə görür:

“Digər tərəfdən dərmanların bilərəkdən yoxa çıxdığını iddia edirlər. Amma mən buna qətiyyən inanmıram. Çünki ticarətdir, dərman gəlibsə, satılır. 

Ümid edirəm ki, deyildiyi kimi olar. Azərbaycanın müxtəlif bölgələrində dərman hazırlayan zavodlar yaradılar. Əgər biz dərmanların 70%-ni özümüz istehsal edə bilsək, problemin tamamını həll etmiş olarıq.

Dərmanların əvəzləyicisinə gəldikdə isə deyə bilərəm ki, istənilən preparatın əvəzedicisi həmin dərmandan zəif olur. Dərman qıtlığının digər səbəbi də, həkim göstərişi olmadan insanlarımızın aptekə getməsidir. Elə rahat gedirlər ki... Sanki mağazadan nə isə alırlar. Həkimsiz dərman almaq, qəbul etmək sağlığa ziyandı, olmaz”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4272
avatar

Fidan İlqar

Oxşar yazılar