APA TV “Zəfərin izi ilə” Abdal-Gülablıda - REPORTAJ
11 yanvar 2021 13:10 (UTC +04:00)

APA TV “Zəfərin izi ilə” Abdal-Gülablıda - REPORTAJ

APA TV-nin əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən Ağdam rayonundan növbəti reportajı təqdim edirik.

Həzrəti Əlinin dincəldiyi kənddən danışacağıq sizə. İki dağın arasında biri-birinə sığınan ağ evlərin hələ də gözə dəydiyi Gülablı və son daşına qədər məhv edilmiş Abdal kəndi.

APA TV-nin çəkiliş qrupu işğaldan azad olunmuş rayonlarımızda “Zəfərin izi ilə” layihəsi çərçivəsində bu dəfə Ağdam rayonunun Abdal və Gülablı kəndlərində olub.

Abdal-Gülablı kəndlərinin adı həmişə qoşa çəkilib. XIX əsrdə burada iki Abdal kəndi mövcud olduğuna görə bir-birindən fərqləndirmək üçün bu kənd Abdal-Gülablı, yəni Gülablı yaxınlığındakı Abdal kəndi adlandırılıb. Qədim adı “Abdal bulağı”dır. Kəndin ərazisində Xanım bulağı, Damcı bulaq, Bəy bulağı və başqa bulaqlar var.

Abdal-Gülablı qədim yaşayış məskənlərindən biri olub. Kəndin yaranması haqqında müxtəlif rəvayətlər dolaşır, əfsanələrdən birində isə Həzrəti Əlinin öz qoşunu ilə burada dincəldiyi deyilir. Kənddə onun adına “Əli bulağı” da var. Əfsanənin tarixlə nə qədər bağlı olduğunu deyə bilməsək də, Abdal-Gülablı camaatı üçün kəndi müqəddəsləşdirən məqamlardan biri olduğunu vurğulamaq olar. Təmiz havası, füsunkar təbiəti ilə göz oxşayan Abdal-Gülablı kəndi nəinki Ağdamın, ümumən Qarabağın ən çox turist qəbul edən yerlərindən idi. Kənd ərazisində bir sanatoriya da fəaliyyət göstərirdi.

Şair Qulu Ağsəsin sözlərinə görə, Birinci Qarabağ müharibəsinə qədər özünün ən gəlhagəlli, çal-çağırlı günlərini yaşayıb Abdal-Gülablı. Həm də özünəməxsus adət-ənənələri ilə seçilib: “Bizim kənddə saata baxmazdılar. Gün batanda yatardı camaat, gün oyananda oyanardı. Mənim yadımdadır ki, atın üstündə heç kim özündən böyüyə salam verməzdi. Bir insan yolla gedərkən qarşısına ondan yaşca böyük insan çıxsa, mütləq atdan enib salam verməli idi. Toyları iki və ya üç gün davam edirdi. Heç bir elektrik avadanlığı olmadan, mikrofonsuz oxunurdu”.

Gülablı kəndində bəzi evlərin ermənilər tərəfindən hələ də dağıdılmaması onların son günlərə qədər burada yaşadıqlarından xəbər verir. Lakin mənfur xislətindən əl çəkməyən düşmən Abdal kəndi və Abdal məscidinin də əsas hissələrini dağıdıb. XVIII əsr Qarabağ memarlığı əsasında tikilən məscid Şuşada yerləşən Gövhər Ağa məscidinin və Ağdam Cümə məscidinin xüsusiyyətlərini özündə əks etdirir.

Bizdən arxada görünən Gülablı kəndidir. Ermənilər özləri kənddə yaşadıqları üçün evləri dağıdılmayıb. Lakin bir qədər irəli gəldikdə, Abdal kəndini görürük. Kənd tamamilə məhv edilib. Hazırda gördüyünüz Abdal məscidini dağıdaraq yalnız aşağı, divar hissələrini saxlayıblar. Məscidlə yanaşı, kəndin məzarlığı da dağıdılıb.

Abdal-Gülablı kəndi Azərbaycan elminə, mədəniyyətinə, incəsənətinə bəxş etdiyi əvəzsiz şəxsiyyətləri ilə də tanınır. XVIII əsrin görkəmli aşıqlarından sayılan Aşıq Valeh, xalq artisti, görkəmli tarzən Qurban Pirimov, əməkdar artist Məcid Şamxalov, “Ögey ana” və “Fəryad” filmləri ilə yaddaşlarımıza əbədi həkk olan aktyor Ceyhun Mirzəyev və digər onlarla tanınmış simalarımız bu kəndin yetirmələridir. Elə Abdal-Gülablıya üz tutarkən də əsas məqsədlərimizdən biri gənc yaşında faciəvi şəkildə həyatını itirmiş sevimli xanəndəmiz Səxavət Məmmədovun Abdal-Gülablı məzarlığında illərdir kimsəsiz qalan məzarını tapmaq idi. Lakin təəssüflər olsun ki, mina təhlükəsi və hər tərəfi qalın ot örtüyünün tutması bu arzumuzu reallaşdırmağımıza imkan vermədi.

Qardaşı, xanəndə Firuz Səxavət Səxavət Məmmədovun məzarına başdaşı qoymağa imkan tapmadıqlarını deyir: “Səxavət Məmmədovu biz o vaxt kəndimizdə dəfn etdik. 1991-ci ildə hadisələrin pis vaxtında dünyasını dəyişdi. Biz artıq heç kimlə əlaqə saxlaya bilmədik. Elə bir vəziyyət idi ki, heç kimə söz demək də mümkün deyildi. Vətənə, torpağa o qədər bağlı idi ki, sənətkarlığı qədər də vətənpərvərliyi vardı. Lakin məzarının üstünü götürə bilmədik. Hər gün müharibə gedirdi və biz gözlədik ki, ara bir qədər sakitləşsin. Getdikcə vəziyyət daha da pisləşdi. Kəndimiz işğal edildikdən sonra isə, ümumiyyətlə, gedə bilmədik”.

Əməkdar artist Firuz Səxavət Abdal-Gülablıda keçən günlərini belə xatırlayır: “Uşaqlığımın ən gözəl çağları, kəndimizdə olan ən xoş anlarım indi də lent kimi gəlib keçir gözümün önündən. Adətlərimiz çox gözəl idi. Hər iki kəndin gözəl adət-ənənələri vardı. At mindiyimiz, qoyun otardığımız yerlər, keçdiyimiz cığırlar hər biri yadımdadır. Böyük sanatoriya tikilmişdi və respublikanın hər yerindən bura insanlar gəlirdi. Lakin hamısını ermənilər yandırdı”.

Aradan 27 il ötsə də, kiçikdən-böyüyə heç kim bir anlıq da olsa, Abdal-Gülablını unutmadı. Şeirlərdə, xatirələrdə və yuxularda yaşatdılar. Bir gün mütləq qayıdacaqları ümidi ilə. 2020-ci il noyabrın 20-də üçtərəfli razılaşmaya əsasən, Ağdam rayonu, o cümlədən Abdal-Gülablı kəndi işğaldan azad edildi: “Mən orda qoyub gəldiklərimi təzədən canlandırmağa çalışdım. Sanki hər şey var imiş kimi. Mənim yaddaşımda, mənim qələmimdə heç vaxt işğal olunmadı Qarabağ. Hətta öz essemdə yazmışdım ki, bilirəm bu yerlər yoxdur, bilirəm bu yerlər işğaldadır, amma mən məhz bu yazımda Qarabağın bir qarışını da düşmənə verməyəcəyəm, onunla sağ kimi danışacağam. Deyirlər, şəhidlər ölmür. Qarabağ da şəhid olmuşdu və sübut olundu ki, şəhidlər ölmür. Ən gözəli budur ki, biz onu öz ordumuzun gücü ilə geri qaytardıq”.

İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa zaman kəsiyində bütün Qarabağa, o cümlədən Abdal-Gülablıya aparan yollar yenidən bərpa olunacaq. Bu kəndin bütün evlərində, məktəblərində, bağçalarında işıq yanacaq, həmişə qonaq-qaralı olan Abdal-Gülablı yenidən öz qonaqlarını qarşılayacaq.

Xələf Xələfov

Faiq Həsənov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2154
avatar

Oxşar yazılar