Son zamanlar koronavirusla bağlı yayılan məlumatlar hamımızda narahatlıq doğurur. Ətrafda eşitdikiləri, valideynlərinin duyduğu təşviş uşaqlara da təsir edir. Çünki onlar çox həssasdırlar. Bəs onlara bu barədə necə danışmaq olar ki, həm məlumat verib, həm də rahatlıqlarını təmin etmək mümkün olsun?
Ailə, Qadın və Uşaq Probləmləri üzrə Dövlət Komitəsi mövzu ilə bağlı maarifləndirici məlumat yayımlayıb.
Əvvəlcə, uşaqların bu barədə nə bildiklərini öyrənilməlidir:
Suallar verin, söhbət edin. Əgər o bu məsələdən çox da narahat deyilsə və ya heç maraqlanmırsa, o zaman sadəcə qısa şəkildə anladığı dildə informasiya verə bilərsiniz və təmizlik qaydalarını izah edə bilərsiniz.
Uşaq koronavirusun nə olduğunu bilmək istəyirsə, ona sadə şəkildə bu virusun adi bir virus olduğunu və insan bədəninə daxil olduqda xəstəlik, halsızlıq yaratdığını, əlamətlərini izah edin. Virusların asqırıq və öskürəklə ətrafa yayılaraq sağlam insanları necə xəstə etdiyindən danışın. Bundan əlavə, mikrobların əllə yayıla bildiyini qeyd edərək, əlləri ağıza, üzə, gözə qəti şəkildə vurmamağın, tez-tez əl yumağın vacibliyini öyrədin.
Bütün bunları daha yaxşı anlaya bilməsi üçün immun sistemimizin necə işlədiyini, xəstəliklərlə necə mübarizə apardığını izah edə bilərsiniz. Söhbətinizin davamında bu eşitdikləri barədə nə düşündükləri, bunların necə baş verdiyi haqda suallar verin ki, hadisələri analiz etməyi öyrənsinlər.
Əgər uşaq özünün də yoluxacağından qorxursa, onların bu xəstəliyə nadir hallarda tutulduğunu və adi qrip kimi yüngül keçirdiklərini deyə bilərsiniz. Özlərini nəzarətdə saxlamağa, gün rejiminə riayət etməyə təşviq edin. Uşaq anlamalıdır ki, yaxşı yatıb yuxusunu alarsa, düzgün və sağlıqlı qidalanarsa, təmizliyə riayət edərsə, ona heç bir xəstəlik yoluxmaz. Deyilənlərə əməl etməyin daha sağlam və güclü olmağa, xəstəliklərin digər insanlara yoluxmasının qarşısını almağa kömək etdiyini izah edin.
Əgər yaşlı inasanların daha tez yoluxduğundan narahatdısa, o zaman nənə-baba və yaşlı qohumlarla danışması üçün şərait yaradın.
Çalışın ehtiyac duyulandan artıq informasiya verməyin, sadəcə uşağın suallarını cavablandırın və özünü əmin, təhlükəsiz hiss etməsinə şərait yaradın.
Övladınız cavabını bilmədiyiniz sual verirsə, yaşına uyğun olaraq onu birlikdə axtramağı təklif edin. Etibarlı informasiya mənbələrindən (https://cabmin.gov.az/az/category/10/, https://www.who.int/ vəs.) məlumatları oxumağın yolunu göstərin və onları birlikdə oxuyun. Onlarla danışarkən, səsinizi sakit və pozitiv tonda saxlamağa çalışın. Söhbətinizlə onlara rahatlıq və əminlik verməlisiniz ki, narahat olmasınlar.
Uşaqlara həkimlərin və xəstəxanaların insanları sağaltdığına, alimlərin vaksin hazırlamaq üçün tətqiqatlar apardığına, tezliklə vaksinin tapılacağına inandırın. Bu söhbətlər onlarda həyatda çətin, stressli zamanların bir müddət sonra keçəcəyinə və normal həyatın qayıdacağına inam yaradır, həyata qarşı davamiyyəti formalaşdırır.
Çalışın bu karantin dövründən ən faydalı şəkildə istifadə edəsiniz - övladlarınızla gözəl vaxt keçirin, maraqlı söhbətlər, ozitiv əyləncələr təşkil edin və mümkün qədər evdə qalın.