Ürək-damar xəstələri koronavirusdan necə qorunmalıdır? - VİDEO
20 mart 2020 14:48 (UTC +04:00)

Ürək-damar xəstələri koronavirusdan necə qorunmalıdır? - VİDEO

“Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumatlardan da bildiyimiz kimi, koronavirus əksər insanlarda qrip infeksiyası kimi nəzərə çarpır. Amma immun sisiteminin zəifləməsinə səbəb olan problemlərdən, xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən, xərçənglə bağlı müalicə almış insanlarda, eləcə də immuniteti zəiflədən dərmanlar qəbul edənlərdə koronavirus daha ağır şəkildə keçə bilər. Ona görə də həmin insanlar sosial izolyasiya barədə qərarlara daha diqqətlə yanaşmalıdırlar”.

Bunu e-tibb.az-a video açıqlamasında tanınmış kardiocərrah, tibb elmləri doktoru, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Həkim vurğulayıb ki, ailə daxilində belə, izolyasiya, gigiyena tədbirlərinə daha diqqətlə əməl olunmalıdır. Eləcə də sağlam qidalarla immun sistemini gücləndirmək, həkimlərin xəstəliyə qarşı əvvəlcədən təyin etdiyi dərmanları vaxtlı-vaxtında qəbul etməklə  təhlükənin miqyasını azaltmaq olar.

R. Mahmudov bildirib ki, xroniki xəstəliklər içərisində ürək-damar xəstəlikləri həm dünyada, həm də ölkəmizdə bir nömrəli xəstəlik sayılır. Ona görə də bu xəstəlikdən əziyyət çəkən insanların koronavirusa qarşı görülən tədbirlərə daha diqqətli olmaları vacibdir: “Hər birimiz ailə daxilində yaşlı, xəstə insanları daha çox qorumalıyıq. Onlarla ünsiyyətin azaldıllması, gigiyena qaydalarına daha çox əməl olunması önəmlidir. Sadə görünən, əslində isə çox effektli olan gigiyena tədbirlərinə əməl olunmalıdır. Yaşlı, xəstə insanlar olan evlərdə hər gün ən azı 3-4 dəfə havanı dəyişmək, Günəş işığı düməsinə şərait yaratmaq virusların yaşama müddətini azaldar”…

Mütəxəssisin fikirləri ilə daha ətraflı videoda tanış ola bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19410
avatar

Oxşar yazılar