“Böyüklərimizi sosial şəbəkələrdə lağ hədəfinə çevirən, onlara istehza edən, təhqir etməyə çalışan, öz razılıqları olmadığı halda görüntülərini yayan hər kəs haqqında lazımi qanuni tədbirlər görülür”.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Prezident Adminstrasiyasının Mətbuat xidmətinin katibi Fəxrəddin Altun tvitter hesabında açıqlayıb.
O, koronavirus təhlükəsi ilə bağlı olaraq 65 yaşından yuxarı olan insanlar üçün qoyulmuş "ev qadağası"nın onları virusa yoluxma riskindən qorumaq üçün tətbiq olunduğunu xatırladıb:
“Yaşlı vətəndaşlarımız, ölkənin digər vətəndaşları kimi cəmiyyətin dəyərli üzvləri, qiymətli böyüklərimizdir. Son bir neçə gündür görürük ki, bəzi həddini bilməyən insanlar sosial media hesablarında 65 və daha yuxarı yaşda olan vətəndaşlarımız haqqında təhqiredici görüntü və ifadələr yayır. Belə paylaşımlar sanki bu yaş qrupunda olan insanlarımızı hədəfə alıblar. Bu görüntülərə göz yuman və ya "bəyənən" hər kəs həmrəylik ruhumuzu zədələyir.
Böyüklərimizə dəstək olan, onlar üçün alış-veriş edən, hal-əhvalını soruşanlar isə dəyərlərimizə qiymət verənlərdir. Çox sağ olsunlar”.