Azərbaycanda kononavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün vaxtında qabaqlayıcı tədbirlər görülüb. Ölkədə həyata keçirilən əks-epidemik tədbirlər bu gün də davam etdirilir. 20-dən çox klinika, xəstəxana koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb.
Bu barədə Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, onlardan biri də ATU-nun Tədris Cərrahiyyə Klinikasıdır. Klinikanın həkim heyətinin, bütünlükdə personalının koronavirusla mübarizədə rolu danılmazdır.
Tədris Cərrahiyyə Klinikasından verilən məlumata görə, koronavirusa yoluxmuş xəstələrin müalicəsi uğurla davam etdirilir. Xəstələrin arasında ağır vəziyyətdə olanı yoxdur. Klinikanın həkimləri bu çətin dönəmdə öz fədakarlıqlarını nümayiş etdirirlər.
Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanan və sonradan digər ölkələrdə də yayılan koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemik virus elan olunub. Bu infeksiya bir neçə ay ərzində demək olar ki, bütün dünyaya yayılıb.