Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “2019-cu ildəki fəaliyyətinin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirib.
Lent.az xəbər verir ki, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun 2019-cu ildəki fəaliyyətinin bütün sahələrini əhatə edən geniş təqdimatla çıxış edib. F. Qurbanov SƏLİS- Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin tətbiqinin və 26 qurumla birgə qrant müsabiqəsi keçirilməsinin 2019-cu ildə Şuranın fəaliyyətində ən mühüm hadisə olduğunu vurğulayıb.
İcraçı direktor Şuranın ən innovativ tətbiqlərindın olan e-vətəndaş xidməti çərçivəsində 2020-ci il qrant müsabiqələrinə təqdim olunan layihələrin qiymətləndirilməsində 15 minə yaxın vətəndaşın iştirak etdiyini və 40 mindən çox rəy verildiyini deyib.
F.Qurbanov 2019-cu ildə Şuranın maliyyələşdirdiyi və icrası başa çatmış bütün layihələr üzrə QHT-lərdən hesabatların qəbul edildiyini qeyd edib: “Şura 2019-cu ildə müxtəlif sahələr üzrə ictimai aktuallıq kəsb edən 568 QHT layihəsini maliyyələşdirib. Bu layihələrin icrasına 688 nəfər daimi, 1251 nəfər müvəqqəti işçi olmaqla ümumilikdə 1939 nəfər cəlb olunub. 459 təlim və 1264 müxtəlif formatlı tədbir keçirilib. 38 adda kitab, 30 adda kitabça və 230 adda digər növ çap məhsulu nəşr olunub. 55 televiziya verilişi, 62 sosial çarx, 38 film hazırlanıb. 18 sayt yaradılıb”.
Fərasət Qurbanov Şuranın 2020-ci ildə bir sıra dövlət qurumları ilə birgə qrant müsabiqəsi elan etməyi planlaşdırdığını bildirib.
F.Qurbanov həmçinin, 2020-ci ildə könüllülük fəaliyyətinin təbliğinə dair ayrıca qrant müsabiqəsi elan olunacağını da deyib.
O, bildirib ki, 26 dövlət və digər qurumlarla birgə keçirilən qrant müsabiqəsinin nəticələrini mart ayında açıqlanacaq.
Şura Katibliyinin məsləhətçisi Sima Cabbarova Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan olunduğunu xatırladaraq Şuranın bu istiqamətdə görəcəyi işlər barədə məlumat verib. S.Cabbarova Şuranın təşəbbüsü ilə “SƏLİS Könüllü” İctimai Birliyinin yaradıldığını bildirib. O, “SƏLİS Könüllü” İctimai Birliyinə üzv olmaq istəyənləri innobank.az saytında qeydiyyatdan keçməyə dəvət edib. S. Cabbarova həmçinin, “İnnobank” ideya və elektron resurslar xidmətinə daxil olan Ekspert və kadr, Təlim, İdeya, Hesabat bankları haqqında da ətraflı məlumat verib.
Şura Katibliyinin elektron xidmətlər bölməsinin rəhbəri Nədimə Rəhimli 2020-ci ildə QHT-lərin istifadəsinə veriləcək yeni proqram təminatları barədə təqdimatla çıxış edib. N. Rəhimli həmçinin, elektron resurslarla bağlı qarşıda duran vəzifələr, cari ildə təkmilləşdiriləcək elektron xidmətlər, keçiriləcək təlim və digər tədbirlər barədə də məlumat verib.
Tədbirdə çıxış edən QHT sədrləri Ziba Nəbiyeva, Cavad Qasımov, Bəxtimşah Tağıyeva, Təhmasib Novruzov, Muğan Əliyev, Fəridə Hicran, Şaban Nəsirov, Mətanət Əsgərqızı və digər şəxslər Şuranın 2019-cu ildəki fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.