Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarına dəyişiklik edib.
Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Dəyişikliyə əsasən, ərzaq təchizatçılarına kredit faizlərinə görə verilən subsidiyanın müddəti 6 aydan 12 aya uzadılıb və ərzaqlıq buğda təchizatçılarına verilən faiz subsidiyası üzrə kreditin faiz dərəcəsi 10 faizdən 15 faizə qədər artırılıb.
Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması qaydası” ilə Azərbaycan Sahibkarlığın İnkişafı Fondu tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit təşkilatlarından manatla aldıqları kreditlər, həmçinin müəyyən sahələrə (ərzaq) alınacaq kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsi halları və qaydası müəyyən edilib.
Həmin qaydanın 3.2-ci bəndində ölkədə insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal kimi zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ilk 6 ay üçün hesablanan faizlərə subsidiya verilməsi və 3.3-cü bəndində isə faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faizi miqdarında, faiz dərəcəsi 10 faizdən aşağı olarsa, faiz subsidiyası kreditin faiz dərəcəsi həcmində verilməsi nəzərdə tutulub.
Nazirlər Kabineti qeyd olunan məsələnin əhəmiyyətini nəzərə alaraq, ölkədə ərzaq ehtiyatlarının yaradılmasının davam etdirilməsi məqsədilə zəruri ərzaq təchizatçılarına banklar tərəfindən verilmiş kreditlər üzrə hesablanan faizlərə görə verilən subsidiyanın müddətinin uzadılması və ərzaqlıq buğda təchizatçılarına verilən faiz subsidiyası üzrə kreditin faiz dərəcəsinin artırılması barədə müvafiq qərar qəbul edib.
Qəbul edilmiş bu qərara əsasən ərzaq təchizatçılarına banklar tərəfindən verilmiş kreditlər üzrə hesablanan faizlərə görə verilən subsidiyanın müddətinin 6 aydan 12 aya uzadılması və ərzaqlıq buğda təchizatçılarına verilən faiz subsidiyası üzrə kreditin faiz dərəcəsinin 10 faizdən 15 faizə artırılması təmin ediləcək.