Ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində 2018-ci il üzrə 2 059 namizəd, 2019-cu il üzrə 2 274 namizəd, 2020-ci il üzrə 2 479 namizəd iştirakını təsdiq edib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra 2018-ci ildə 1 568, 2019-cu ildə 2 057, 2020-ci ildə 2 256 namizədin elektron ərizəsi qəbul olunub.
Son 3 il ərzində keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə 30-39 yaş aralığında olan namizədlər üstünlük təşkil edib. Belə ki, 2018-ci ildə 920 nəfər, 2019-cu ildə 1 013 nəfər, 2020-ci ildə 1 163 nəfər həmin yaş aralığında olan şəxslərdir.
Müsabiqədə iştirak üçün elektron qeydiyyatdan keçmiş namizədlər arasında 2018-ci il üzrə 16 nəfər, 2019-cu il üzrə 17 nəfər, 2020-ci il üzrə 25 nəfər xaricdə təhsil almış şəxslərdir. 2018-ci il üzrə müsabiqədə elektron qeydiyyatdan keçən namizədlərin 1 125 nəfərini kişilər, 934 nəfərini qadınlar, 2019-cu il üzrə namizədlərin 1 139 nəfərini kişilər, 1 135 nəfərini qadınlar, 2020-ci il üzrə isə namizədlərin 1 126 nəfərini kişilər, 1 353 nəfərini qadınlar təşkil edib.
2020-ci il üzrə elan olunan müsabiqə zamanı vakansiya və müraciət edən namizəd sayına nisbətdə ən yüksək rəqabətli rayon Ağstafa rayonudur. Bu rayon üzrə 1 vakant direktor vəzifəsinə 19 namizəd müraciət edib. Ən aşağı rəqabətli rayonlar isə Xocavənd, Xızı, Şabran, Daşkəsən və Ağdaş rayonlarıdır.