Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları, doğma torpaqlarımızın təcavüzkar Ermənistanın işğalından azad edilməsi istiqamətində zəfərləri şəhid ailələrində və Qarabağ müharibəsi əlillərində də sonsuz fərəh, qürur hissi yaradır. Düşmənə sarsıdıcı zərbələr vurulmaqla şəhidlərimizin qisası alınır.
Lent.az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4 rayonda 14 fərdi yaşayış evinin (o cümlədən İmişlidə 2, Ağstafada 3, Gədəbəydə 5, Kürdəmirdə 4 ev) təqdim edildiyi şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri vurğulayıblar.
Kürdəmirin Karrar qəsəbəsində evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev iştirak edib.
Bildirilib ki, ölkəmizdə ümumxalq Qələbə ovqatının yaşandığı, Ordumuzun zəfər xəbərlərinin həyatımıza sevinc bəxş etdiyi bu günlərdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramı da davam edir.
Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri yeni evlərlə təmin edilmələrindən razılıqla bəhs edərək, onlara daim diqqət və qayğı göstərən dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar vurğulayıblar ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətənimizi daim uğurlara, Qələbələrə doğru aparır. İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır və cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycan bu gün özünün zəfərlərlə dolu yeni şərəfli tarixini, qəhrəmanlıq salnaməsini yazır.