Sanqalan həyulələri: zamanın itdiyi yerdən İKİNCİ REPORTAJ – Səbuhi Məmmədli yazır
24 iyun 2020 15:26 (UTC +04:00)

Sanqalan həyulələri: zamanın itdiyi yerdən İKİNCİ REPORTAJ Səbuhi Məmmədli yazır

- Gözlərim tutulub. Canım da elə pis ağrıyır ki. Ürəyimə damıb, axırımdı. Ölüm Allahın işidi. Amma mən ölsəm bu tifilə kim baxacaq? Nə yemək bişirə bilir, nə çay qaynada. Elə aclıqdan, susuzluqdan öləcək burda. Qurd-quş gəlib yeyəcək.

 

Bunu deyib də yaşı qırxı çoxdan ötmüş qızı Sevinci qucaqlayıb, ağlayır Şura nənə.

 

Yadınızdadırmı, təxminən bir il əvvəl Lent.az-da yayımlanan “Qapını döyən canavarlar, Telliyə vurulan üç güllə, dağlar qoynundakı sirli ev” yazısı. Sanqalan dağında, meşəliklərin içində kimsəsiz bir yerdə yaşayan Şura nənə və qızı Sevinclə bağlı reportaj (https://lent.az/news/318564).

 

Hə, böyük rezonans doğurmuşdu həmin yazı. Ana və balanın qan donduran həyat hekayəti, bu hekayətin fonunda amansız bacı qətli, 13 ildən sonra qatilin yenidən qayıtmaqlığı.

 

Hə, bir ildən sonra biz də yenidən dağlar qoynundakı bu mənhus evə qayıtdıq.

  

***

 

…Elə həmin it idi hürən. Bir-iki ağız hürüb, balaca damına girdi. Dam deyəndə ki, karton qutudu, üstü açıq. Dam əvəzidi. Axı hər itin bir damı olmalıdı. Amma burda nəinki itin, heç onun sahibinin damı yoxdu. Düz bir il əvvəl tapmışdım 75 yaşlı Şura nənəni və onun 44 yaşlı qızı Sevinci. Sanqalanda. Dağların və meşəliyin içində tək-tənha yaşayan ana və balanı. Bu bir ildə heç nə dəyişməyib həyatlarında. Yenə yaşadıqları o dəmir köşk, əyinlərindəki həmin paltarlar, həmin paslı samovar və çaydan, hə, bir də təmiz yastıq üzü. Onu qonaq gələndən-gələnə üzə çıxarırlar, süfrə əvəzi. Keçən il də eləydi.

 

...Əlində çomaq dəmir “ev”inin qarşısında qarşıladı bizi. Əynində də elə həmin paltarıydı. Qara donu, qara yaylığı. Sevinc də elə sarı köynəyindəydi. Damın qarşısında oturub, uzaqlara baxırdı.

 

- Oturun, samovarı qaynadım.

 

Dedim axı, samovar da həmin samovar idi. Bəlkə də ötən il bizim üçün qaynadılan idi. Hisi-pası da tanış gəlirdi. Həm də niyə samovar qaynatsınlar ki. Balaca, qara, yox e qapqara çaydanları var. Gündə bir dəfə dağların döşündən yığdıqları gül-çiçəkdən çay dəmləyər, ondan içərlər. Dükan-bazardan alınan “rəngli” çaylardan yox. Yenə balaca  kisəsini açır. Müxtəlif otları çaynikə atıb, üstünə qaynar su tökür və... beş dəqiqədən sonra ətri aləmi bürüyən çay gətirilir süfrəyə.

 

- Çox bərk ağrıyıram. Bu qış elə soyuqladım ki, dedim yəqin öləcəm. Gözümün qarşısına bu tifil gəldi. Bunun da canı ağrıyır. Zəifdi e, ay bala, bir dəridi, bir sümük. Yanından yel keçən kimi azarlayır. Həkimə getməlidi, hara aparım? Pul yoxdu. Bir qalaq dərman yazıblar. Nəylə alım? Gözümü “operasiya” etməlidilər. Görməyəcəm belə getsə. Bu qızın da şəxsiyyət vəsiqəsini götürüb aparıblar neçə vaxtdı ki, pensiya düzəldəcəklər. Ondan da xəbər yoxdu. Bəlkə də düzəldib alırlar da. Nə bilim e, dərd birdi, ikidi? Sevinc, qonaqlara çay süz. May qurtardı?

 

-         Hə,iyun ayıdı.

-         Mən bu ayda anadan olmuşam.

-         Neçəsi?

-         Ayın axırı...

Fikirdən ayılır, Sevinc. Tez-tələsik üstündə “Azərbaycan” yazılmış fincana çay süzüb mənə uzadır. Həmin fincandı. Bəlkə də elə bir ildi həmin yerdə durub, çay süzülməyib. Hə, bax, mən o fincandan çay içmişdim bir il əvvəl.

 

Bu da həmin “stul”. Yarı kəsilmiş çuqun vedrənin üstünə daş parçasını qoyub, stul düzəltmişdilər. Onda da, indi də həmin “stul”da yer göstərirlər. Amma bu dəfə hardansa üstü cırıq-cırıq olmuş köhnə skamyalar və bir də, hə, bir də paslanmış bir “boçka” əlavə olunub mebel yerinə.

 

Onların yaşadıqları bu dəmir “köşk”də bircə yerlik çarpayı var. Çarpayı deyəndə ki, eni yarım metr olan taxtadan hazırlanmış yataq yerdir. Üstündəki yorğan-döşək bir əvvəl olduğu kimi kirdən par-par parıldayır. Bu adamlar sonucu dəfə nə vaxt təmiz yataq görüblər, ilahi?! Heç özləri də xatırlamır ki...

 

- Çimməyə su var ki? Su tapanda yuyunuruq. Sevinc durur qapının ağzında - əliylə evciyin qapısını göstərir - mən elə burdaca tez yuyunuram.

 

Bir an gülümsəyirəm. Axı onsuz da ucu-bucağı görünməyə bu ənginliklərdə heç kim bura gələsi deyil. Amma yox, amma kimsə qapıda durmalıdır. Gələn ola bilər.

 

- Sevinci çimdirəndə qapını daldan bağlayıram məftillə. Nə olsun 45 yaşı var, özü çimə bilmir. Ona görə deyirəm də ay bala, mən ölsəm buna kim baxacaq (kövrəlir)

 

- Radio durur?

 

- O balaca? Hə. Sevinc, gətir radionu...

 

Tanıdınızmı? Həmin kiçik, xırıldayan radioqəbuledici. Dünyada baş verənlərdən bəlkə də Sevinc yaşlı bu “priyomnik”lə xəbər tutur.

 

- Koronavirus yayılıb, xəbərin var, Şura nənə?

 

- (Bir qədər duruxur) Vallah, bilmirəm nə yayılıb, amma deyirlər, bərk xəstəlik yayılıb Bakıda. Yolları da bağlayıblar, gələn-gedəni qoymurlar. Görəsən mala-heyvana keçmir? İkicə dənə inəyim var, onun südünü qaynadıb içirik. İraq olsun, çər dəyər.

 

Ayağa durub, bir qədər dikə qalxmaq istəyir. Hiss edirəm ki, dalğa tutmur, münasib yer axtarır. Amma xırıltıdan başqa heç nə eşidilmir. Geri qayıdıb, yenidən oturur.

 

- Qulaq as, ay bala. Bircə göz evim olsun istəyirəm. Elə bax, burda, bu ağacın altında. Bircə göz, bir də balaca kuxnası. Üç-dörd dənə istəkan-nəlbəki. Bir-iki dənə qazan. Bir də balaca bir çən, içinə su yığım saxlayım. Elə istəyirəm ki, qonağım gəlsin, evimə gələnin qabağına süfrə aça bilim. O gecə Durxanı (vəfat etmiş ərini deyir – S.M.) görmüşəm yuxuda. Gördüm burdakı kol-kosu qırıb mənə ev tikir. Sınamışam, Durxanı nə vaxt yuxuda görürəm, xoş xəbər eşidirəm.

 

- Axırıncı dəfə nə eşitdin?

 

- Yağış yağdı, qab-qacaq suyla doldu...

 

...Bu adam mərhum əri Durxanın yuxularıyla təsəlli tapır. Gecə yuxuda gördüsə, səhər üzü gülür, bir anlıq xoşbəxtdi. Və Şura nənənin, elə həmin Sevincin xoşbəxt olması üçün o qədər kiçik şeylər tələb olunur ki...

 Baxın, onların xoşbəxtliyi elə yaşadıqları o həyət boydadı, o həyətdən o yana keçmir.

 Onların xoşbəxtliyi üçün 4-5 stəkan, nəlbəki tələb olunur. Onu da evlərinə gələn qonağın qabağına qoyacaqlar, vallah.

 Onların xoşbəxtliyinin ölçüsü bir dəst təmiz yorğan-döşəkdən, yastıq üzündən, yataq dəstindən o yana keçmir.

 Evlərində bir qazan yemək bişirmək üçün iki dəst qazandan, iki tavadan o yana deyil.

 Onların xoşbəxtliyi qızının haqqı çatdığı pensiya qədərdir.

 Onların xoşbəxt olması üçün adi bir bazarlıq yetər. Sevincə təzə don yetər, anasına təzə şal...

 Eni 2, uzunluğu 3 metr koma arzusundadı ana və bala…

 Onların xoşbəxtliyi üçün o qədər az şey tələb olunur ki...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25960
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar