AzTV-nin “Gənclik stansiyası”nın bugünkü buraxılışında robototexnika sahəsindəki müasir çağırışlar, robotlar, onların bacarıqları və gənclərin bu sahədəki fəaliyyəti müzakirə olunub.
Verilişin qonaqları robototexnika komandasının məşqçisi Rəhman Rəsulzadə və təlimçi, dron yarışları üzrə koordinator Emin Bayramov, Dron Olimpiadasının qalibi Eldar Mustafayev öz fəaliyyətləri və uğurları, bu sahədəki vəziyyət barədə danışıblar.
12 yaşlı Eldar bildirib ki, o, hazırda bu sahədə dünya çempionatlarında iştirak üçün hazırlaşır.
Emin Bayramov qeyd edib ki, 2016-cı ildən sonra ölkəmizdə robototexnika sahəsinə maraq artıb: “Biz beynəlxalq arenaya şagirdlərimizi çıxara biləcək səviyyəyə çatmışıq”.
Rəhman Rəsulzadə qeyd edib ki, robotu düzəltmək üçün ilkin nəzəri və texniki biliklər tələb olunur: “Proqramlaşdırmanı məktəblilər 7-8 ay müddətində öyrənə bilərlər. Mexaniki qurğuları düzəltməkdən söhbət gedirsə, bunun üçün də bir neçə ay vaxt lazımdır. Robototexnika, süni zəka bu gün trenddir, gənclər də bu sahəyə maraq göstərir”.
Qeyd edək ki, verilişin informasiya dəstəkçisi Lent.az İnformasiya Agentliyidir. Verilişin tam versiyasına aşağıdakı videomaterialda baxa bilərsiniz.