"Elə bir dövründəyik ki, həm əkinçilikdə, həm də meyvəçilikdə məhsulun yetişmə vaxtıdır. Belə bir dövrdə havaların kəskin soyuması, gecə ilə gündüzün temperaturunda kəskin fərqin ortaya çıxması bitkilər üçün ilk növbədə stres faktoru yaradır".
Bunu Lent.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli deyib.
O bildirib ki, dolunun düşməsi bitkilər üçün risklər yaradır: "Aran bölgələrində taxıl artıq yetişib. Dağətəyi və dağlıq rayonlarda hələ ki vegetasiya prosesi gedir. Dolunun düşməsi taxıl üçün risklər yaradır. İlk növbədə vegetasiya prosesində, sadə dillə desək, bitki çaşır. Soyuğa düşdüyü və zədələndiyi üçün inkişaf prosesini tam başa çatdıra bilmir. Ümumiyyətlə, dolu bitkiçiliyə zərər verən faktor sayılır. Son günlər Gədəbəy rayonunun 5-6 kəndində dolu müşahidə olunur. Gədəbəydə kartof təsərüfatına dəyən ziyanı qeyd etməliyik. Dolunun düşməsi ilk növbədə kartof sahələrinə ciddi ziyan vurur. Çünki bu rayonda əsasən kartof becərilir. Kartofun torpağın üstündə olan yaşıl forması kartofun meyvəsinin formalaşmasına xidmət edir.
Dolu düşməsi nəticəsində bitkinin yerüstü hissəsi məhv olur. Nəticədə vegetasiya prosesi dayanır. Hazırda kartof bitkisində aktiv vegetasiya dövrüdür. Yəni Günəşdən temperatur alınaraq, kökdəki meyvədə toplanma prosesi gedir. Dolunun vurduğu ziyandan sonra bitkinin kökündə inkişaf prosesi dayanır. Yaşıl kütlə zədələndiyi üçün fotosintez prosesi demək olar ki, sıradan çıxır. Nəticədə kök yumrularının əmələ gəlməsi də dayanır".
Fermerlər nə etməlidir?
N.Nəsirli ziyan çəkən fermerlərə tövsiyə də verib: "Fermerlərə ancaq onu məsləhət görə bilərik ki, bundan sonrakı dövrdə yalnız əlavə gübrələr verməklə bitkinin inkişafını dəstəkləsinlər, heç olmasa sahədən toxumluq məhsulun yığılmasına imkan yarada bilsinlər.
Ümimiyyətlə, son bir neçə ildir iqlimin bu cür diskomfort halı müşahidə olunur. Qışın mülayim geçməsi, atmosfer çöküntülərinin az düşməsi, şaxtaların olmaması, əksinə, ilkin yaz və orta yay dövründə fəsadların olması kənd təsərrüfatı üçün ziyanlıdır. Ona görə də ildən-ilə aqrar sığorta mexanizminin ortaya çıxması öz aktuallığını artırır. Yəni kənd təsərrüfatı məhsullarının sığortalanması bu hallara görə öz əhəmiyyətini getdikcə artırır. Ümid edirik ki, aqrar sığorta mexanizmi qısa vaxtda formlaşacaq, ortaya qoyulacaq. Xüsusilə də Gədəbəy kimi paytaxtdan çox uzaqda yerləşən, iqtisadiyyatı sırf kənd təsərrüfatı ilə bağlı olan rayonlarda fermerlərə dəyən ziyan sığorta vasitəsilə aradan qaldırılacaq".
Şöbə müdiri bildirib ki, indiki halda ziyan dəyən fermerlər ancaq öz gücləri hesabına ziyandan çıxmağa məcburdurlar.