Daxili İşlər Nazirliyi (DİN) yaşı 65 və yuxarı olan vətəndaşlar evdən çıxmaq qadağasını pozduqları halda, onları hansı cəzanın gözləməsi məsələsinə aydınlıq gətirib.
DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Post Patrul Xidmətlərinin əməkdaşları xidməti ərazilərində 65 və yuxarı yaş həddində vətəndaşlara rast gəldikdə onlarla əvvəlcə izahedici, maarifləndirici söhbət aparacaq və onlardan yaşadıqları ünvanlara qayıtmaları tələb olunacaq: “Cərimə məsələsi o vaxt ola bilər ki, vətəndaşla dəfələrlə söhbət aparılmasına, xəbərdarlıq edilməsinə baxmayaraq, mütəmadi şəraitdə qaydaya əməl etməsin. Bu zaman həmin şəxsə xüsusi karantin rejiminin pozulması maddəsi üzrə protokol yazılacaq. Hazırda polis əməkdaşlarının hər birinin əlində xüsusi planşetlər var. Vətəndaşın üzərində şəxsiyyət vəsiqəsi olmadan belə həmin şəxs ad, soyad və ata adını dedikdə polis əməkdaşları planşetdə həmin qeydləri yazır və dərhal vətəndaş barədə məlumatlar çıxır ki, o, nə vaxt, harada anadan olub. Əgər həmin hal bir neçə dəfə təkrarlanarsa, həmin vətəndaşlar barədə protokol tərtib olunacaq”.
Qeyd edək ki, koronavirus (COVİD-19) pandemiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Bu müddət ərzində Azərbaycan ərazisində koronavirus təhlükəsi ilə əlaqədar 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilməlidir.
Xatırladaq ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 17 mart tarixli qanununa əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 17 mart tarixli 27-VIQD nömrəli Qanununun tətbiqi barədə” fərmanına əsasən, bu sahədə inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Daxili İşlər Nazirliyinə verilib.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 17 mart tarixli qanununa əsasən isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda
iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası tətbiq olunacaq.
Başqa sözlə, karantin rejimini pozan 65 yaşdan yuxarı insanlara polis əməkdaşları tərəfindən protokol yazılaraq yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək. Karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda isə onlar iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimələnəcək və ya üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum edilməsi təhlükəsi ilə qarşılaşacaqlar. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək azadlıqdan məhrum ediləcəklər.