Milli Hematologiya və Transfuziologiya Mərkəzi koronavirus pandemiyası dövründə qan donoru olmaq istəyənlər üçün tələbləri açıqlayıb.
APA-nın e-tibb.az-a istinadən verdiyi xəbərə görə, Mərkəzin məlumatında bildirilir ki, koronavirus infeksiyası olan riskli bölgəyə baş çəkənlər Azərbaycana qayıtdıqdan 4 həftə sonra qan verə bilərlər. Məlumatda daha sonra deyilir: “Öskürək, hərarət və ya kəskin respirator (tənəffüs) simptomları müşahidə olunan şəxslər sağalandan sonra qan donoru olmaq üçün 28 gün gözləməlidirlər.
Ev izolyasiyası olunmuş şəxslə təmasda olmusunuzsa (əgər həmin şəxsdə öskürək, hərarət və nəfəs problemi yoxdursa) müvafiq müayinələrdən sonra qan donoru ola bilərsiniz. Lakin təmas haqqında məlumat verin.
İzolyasiya olunmuş, kəskin respirator (tənəffüs) infeksiya simptomları olan və koronavirus testi pozitiv olan biri ilə təmasda olmusunuzsa, həmin şəxsin simptomlarının aradan qaldırılmasından 4 həftə sonra qan verə bilərsiniz.
İzolyasiya olunmuş, kəskin respirator (tənəffüs) infeksiya simptomları olan koronavirus testi neqativ olan biri ilə təmasda olmusunuzsa, həmin şəxsin simptomlarının aradan qaldırılmasından 14 gün sonra qan verə bilərsiniz.
Səyahət edən şəxslər 28 gün sonra təkrar donor ola bilərlər”.