Ombudsman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin mütəmadi
atəşə tutduğu Gəncə şəhərində növbəti faktaraşdırıcı missiya həyata keçirib.
Ombudsman Aparatından Lent.az-a verilən məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub.
Bununla da işğalçı Ermənistan BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, habelə oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozub.
Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində içərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Ölkə Ombudsmanı Səbinə Əliyeva bununla əlaqədar hadisə baş verdikdən sonra təcili olaraq Gəncə şəhərinə səfər edib və növbəti dəfə faktaraşdırıcı missiya həyata keçirib.
Ermənistan silahlı qüvvələrinin raket atəşinə tutması nəticəsində həlak olan, yaralanan, habelə mülkiyyətlərində olan əmlakın dağıdılması ilə əlaqədar külli miqdarda ziyan dəymiş şəxslərin insan hüquqlarının və azadlıqlarının kobud şəkildə pozulmasına dair real faktlar yerində araşdırılıb və bu barədə həqiqətlərin beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə artıq Ombudsman tərəfindən növbəti hesabat hazırlanır.
S.Əliyeva faktaraşdırıcı missiyası çərçivəsində Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin mərkəzini raket atəşinə tutması nəticəsində dağıdılmış çoxmənzilli yaşayış binalarına və digər ictimai obyektlərə baş çəkməklə araşdırma aparıb, həlak olmuş şəxslərin yaxınları, yaralanmış və zərərçəkmiş şəhər sakinləri ilə görüşüb, vəziyyətlə yerində tanış olub, mövcud problemlərin yerində həll olunması ilə bağlı aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülüb.
Təcavüzkar Ermənistanın törətdiyi növbəti hərbi təxribatlar Azərbaycanın dinc əhalisinə hədəflənmiş terror aktıdır və bu, insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti kimi beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən kəskin şəkildə pislənilməli, həmin cinayəti törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır.
Qeyd olunmalıdır ki, Müvəkkil tərəfindən hadisə ilə bağlı beynəlxalq təşkilatlara və dünya dövlətlərinə, milli insan hüquqları təsisatlarına növbəti bəyanat ünvanlanıb, işğalçı Ermənistan dövlətinin xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçməsi, bununla da Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, xüsusilə “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyasının, Uşaq hüquqları Konvesiyasının və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müddəalarını bir daha kobud şəkildə pozması faktı onların diqqətinə çatdırılıb.
Bəyanatda beynəlxalq hüquququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə qəsdən törədilmiş, mülki əhalinin qətlə yetirilməsi və yaralanması ilə nəticələnən terror aktlarını törətməkdə davam edən işğalçı Ermənistan Respublikasından insanlıq əleyhinə yönəlmiş müharibə cinayətlərinə təcili olaraq son qoymaq və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən qətiyyətli addımlar atmaq tələb edilib.