Nazirlikdən kənd müəlliminin şikayətinə cavab
20 fevral 2020 13:28 (UTC +04:00)

Nazirlikdən kənd müəlliminin şikayətinə cavab

Təhsil Nazirliyi kənd müəlliminin sosial şəbəkədə yayılan videomüraciətini cavablandırıb.

Lent.az xəbər verir ki, nazirlik Cəlilabad rayonu, Sərxanlı kənd orta məktəbinin ingilis dili müəllimi Elnur Qasımovun Biləsuvar rayon Təhsil Şöbəsi barədə etdiyi şikayətə cavab verib. Cavabda E.Qasımova əməkhaqqına əlavələr edildiyi və onun diaqnostik balının aşağı olduğu qeyd olunub:

“Qasımov Elnur Ağaxan oğlu 2011-ci il sentyabrın 13-də öz razılığına əsasən Cəlilabad rayonu, Sərxanlı kənd ümumi orta məktəbinə ingilis dili müəllimi təyin edilib. Qaydalara müvafiq olaraq, E.Qasımova 2011-ci il sentyabrın 15-dən 5 il müddətində ilkin yaşayış şəraitinin yaxşılaşdırılması, kirayə haqqının ödənilməsi və sair xərclər üçün əmək haqqına kompensasiya və əlavələr ödənilib. E. Qasımov 2015-ci ildə keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edərək mümkün 60 baldan cəmi 37 bal (ixtisas üzrə 23 bal, metodika üzrə 14 bal) toplayıb. O, hazırda Cəlilabad rayonu, Sərxanlı kənd ümumi orta məktəbində ingilis dili fənni üzrə 23 dərs saatı ilə təmin edilib”.

Nazirlik kənd müəlliminin yerdəyişmə ilə bağlı şikayətinə cavab olaraq bildirib ki, Biləsuvar rayonunda son iki tədris ilində ingilis dili üzrə ayrılan vakant yerlərə daha çox bal toplayan namizədlər təyin edilib:

“Məlum olduğu kimi, 2014-ci ildən başlayaraq respublika üzrə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışan müəllimlərin iş yerlərinin digər ümumi təhsil müəssisəsinə dəyişdirilməsi hər ilin iyun ayında (tədris ilinin sonunda) mərkəzləşmiş elektron qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə zamanı müəllimlərin iş yerinin dəyişdirilməsi onların qiymətləndirmə nəticələrinə (yəni, bilik və bacarıq imtahanında qazandıqları ballara) uyğun olaraq aparılır. Buna müvafiq olaraq, Biləsuvar rayonu üzrə ingilis dili fənnindən 2018-2019-cu tədris ili üçün keçirilmiş müsabiqə zamanı 5 vakant yer, 2019-2020-ci tədris ili üçün müsabiqə zamanı isə əlavə olaraq 8 vakant yer elan edilib. Həmin yerlərə isə müəllimlərin işə qəbulu üzrə müsabiqə çərçivəsində təyinat aparılıb. Biləsuvar şəhər Ə. Eynullayev adına 4 nömrəli tam orta məktəbə 53 bal toplayan namizəd, Biləsuvar şəhər N. Nərimanov adına 6 nömrəli tam orta məktəbə 50 bal toplayan namizəd, Xırmandalı kənd C. Məhərrəmov adına 1 nömrəli tam orta məktəbə 47 bal toplayan namizəd, Yuxarı Ağalı kənd A. Abdulov adına ümumi orta məktəbə isə 43 ballı namizəd və digərləri yerləşdirilib”.

Bundan əlavə, rəsmi cavabda E.Qasımova 2020-ci ildə keçiriləcək növbəti yerdəyişmə (iyun) və ya daha yüksək bal toplamaq üçün işə qəbul müsabiqəsində iştirak etmək tövsiyə edildiyi əks olunub:

“E.Qasımov 2019-cu ilin oktyabr və dekabr aylarında Biləsuvar rayon Təhsil Şöbəsi müdirinin qəbulunda olarkən ona müəllimlərin yerdəyişmə qaydaları dəfələrlə izah edilib. Bununla belə, E. Qasımov 2018-2019-cu və 2019-2020-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu və yerdəyişmə müsabiqələrində ümumiyyətlə iştirak etməyib. Həmçinin qeyd edək ki, E.Qasımov tərəfindən Təhsil Nazirliyinə rəsmi müraciət də olunmayıb. Ona 2020-ci ildə keçiriləcək növbəti müəllimlərin iş yerinin dəyişdirilməsi (iyun) və ya daha yüksək bal toplamaq üçün işə qəbul müsabiqəsində iştirak etmək tövsiyə edilib”.

Xatırladaq ki, Cəlilabad rayonu, Sərxanlı kənd orta məktəbində ingilis-dili müəllimi işləyən Elnur Qasımov yaydığı videomüraciətdə Biləsuvar rayon Təhsil Şöbəsinin vakant yerləri gizlətməsindən şikayət edib. O, bundan əlavə, rayon təhsil şöbəsini toplanılan baldan asılı olmayaraq, ədalətsiz dərs saatı verməkdə ittiham edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560
avatar

Mehman Nəbiyev

Oxşar yazılar