Bu il narkotik istifadəçilərinin müasir tələblərə cavab verən yeni qeydiyyat sistemi hazırlanacaq.
APA-nın məlumatına görə, bu, Daxili İşlər naziri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədr müavini Vilayət Eyvazovun təsdiqlədiyi "Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci il üçün İş Planı"nda əksini tapıb.
Sənədə əsasən, Səhiyyə Nazirliyi il ərzində narkotik istifadəçilərinin müasir tələblərə cavab verən yeni qeydiyyat sisteminin işlənilməsini təmin etməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il iyulun 22-dəki sərəncamı ilə təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nda da Səhiyyə Nazirliyinin qarşısına 2019-2020-ci il ərzində narkoistifadəçilər barədə daha dolğun, aydın və konkret məlumatların əldə olunaraq yığılması üçün müasir tələblərə cavab verən yeni qeydiyyat sisteminin işlənilib hazırlanması vəzifəsi qoyulmuşdu.