Mətbuat Şurası tanınmış jurnalistin ölümü ilə bağlı nekroloq yayıb
02 mart 2020 14:18 (UTC +04:00)

Mətbuat Şurası tanınmış jurnalistin ölümü ilə bağlı nekroloq yayıb

Görkəmli ziyalı, respublikanın əməkdar jurnalisti Hidayət Əkbər oğlu Zeynalov martın 1-də vəfat edib.

Mətbuat Şurası mərhumun ölümü ilə əlaqədar nekroloq yayıb.

Şuradan Lent.az-a daxil olan nekroloqda deyilir: “Hidayət Zeynalov 1926-cı ildə Qazaxda doğulub. Bakı darülfünunun fars dili və ədəbiyyatı fakültəsini bitirib. Ömrünün 40 ildən çoxunu "Kommunist" (indiki “Xalq qəzeti”) qəzetində çalışıb. Burada ştatdankənar müxbirlikdən şöbə müdiri vəzifəsinə qədər yüksəlib.

Hidayət Zeynalov gözəl təbiət oçerkləri ilə tanınmış parlaq sima idi. Jurnalistikaya yaradıcı yanaşması ilə yanaşı, özünün təşkilatçılığı ilə də seçilib. O, cəmiyyəti düşündürən məsələlərə, problemlərə hər zaman həssas yanaşıb.

Qocaman qələm sahibi jurnalistika örnəyinə də çevrilməyi bacarıb. Yaradıcılığının mühüm hissəsini təşkil edən oçerkləri dəfələrlə kitab halında nəşr olunaraq Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində tədris edilib.

H.Zeynalov həmçinin gənc jurnalistlərin peşə bacarıqlarına yiyələnmələrinə də özünün layiqli töhfəsini verib. Səmimiliyi, qayğıkeşliyi, dostcanlılığı ilə seçilmiş qocaman jurnalist mənalı ömür yolu ilə ürəkləri fəth etmiş zirvədir. Onun əziz xatirəsi daim yaddaşlarda qalacaq, qədirbilənliklə anılacaq.

Allah rəhmət eləsin!”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1086
avatar

Oxşar yazılar