Minlərlə insanın məskunlaşdığı adsız məkan: “Qurbağa kimi yaşayırıq” - REPORTAJ
11 mart 2020 11:23 (UTC +04:00)

Minlərlə insanın məskunlaşdığı adsız məkan: “Qurbağa kimi yaşayırıq” - REPORTAJ

 “Yola çıxan yolda qalmaz” deyirlər. Amma Sabunçu rayonu Maştağa kəndinin Gülçülük Subtropik Sovxozu adlanan ərazidəki yollar sözün həqiqi mənasında yolçunu yolda qoyur.

 APA TV-nin məlumatına görə, 166 nömrəli marşrut xətti üzərində yerləşən yaşayış massivinin sakinləri bu yerin rəsmi olaraq necə adlandırıldığını heç özləri də bilmir.

 Naməlum məkanın yağışlı havada kələ-kötür, palçıqlı yolları, quraqlıq havada isə toz-torpağı sakinlərə qənim kəsilib. Bir sözlə məktəbi, bağçası olmayan bu yaşayış yeri diqqətdən kənarda qalıb:

 - “Baxan yoxdur, yollar bərbaddır. Uşaqlar qalıb palçığın içində. Qurbağa kimi yaşayırıq”.

 - “Siz hələ xoş gündə gəlmisiniz. Bir yaxşı yağış vaxtında gələrdiniz, gölməçələri görərdiniz. Heç avtobus bura girə bilmir, qalıb ki hələ taksi. Ünvan yoxdur. Deyirsən taksiyə ünvan yoxdur”.

 - “Qardaş mən daşı-daş üstə qoyan kimi gəlirlər ki, İcra Hakimiyyətinin tası 5 mindir. Bəs bu yolun tası neçədir? Keçən dəfə İcra Hakimiyyətin çağırmışıq, müavin gəlib biz belə edəcəyik, daş tökəcəyik, təmir edəcəyik. Hanı bəs?

 Təxminən 3 min sakini olan kəndin problemləri təkcə bununla da bitmir. Burada yaşayan uşaqlar təhsil almaq üçün, hər gün 3-4 kilometr yol qət edərək digər kəndin məktəbinə getməli olurlar.

 - “Burada istəyirik ki, bir balaca şərait olsun. Uşaqları buradan marşrut tuturuq məktəbə aparırıq. Balaca yerdə məktəb yoxdur. Məktəb tikilməlidir”.

 - “Birdə nəyə görə valideyn qazelə pul verib uşağı məktəbə aparmalıdır? Bir məktəbi yoxdur. 3000-4000 min sakini var bu ərazinin”.

 - “Telefon yoxdur, telefon istəyirik. “Wi-fi” çəkilməlidir. İndi hansı zəmanədir? Qalmışıq belə. Gətirib satıblar bu torpağı bizə, heç kimdə yiyə çıxmaq istəmir”.

 Məsələyə münasibət bildirən Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən əraziyə yolların çəkilməsi ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, məktəb probleminin aradan qaldırılması məqsədilə isə Təhsil Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinə 1 hektar yerin ayrılması ilə əlaqədar yazılı müraciət olunub. Həmçinin qeyd olunub ki, bu ərazilər kənd təsərrüfatı təyinatlı torpaqlar olsa da, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz satılıb. Ona görə də bu ərazilərə telefon çəkilməsi və sənədləşmə aparmaq mümkün deyil.

 

Ümid edirik ki, sakinlərin heç olmasa, yol və məktəb problemi ən qısa zamanda öz həllini tapacaq.

 

 İsa İsmayılov

Üzeyir Ağayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1427
avatar

Oxşar yazılar