Mingəçevirin vurulması fəlakətə yol aça bilər - OMBUDSMANIN BƏYANATI
05 oktyabr 2020 18:04 (UTC +04:00)

Mingəçevirin vurulması fəlakətə yol aça bilər - OMBUDSMANIN BƏYANATI

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın böyük su anbarı və  elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin raket atəşinə tutulması ilə bağlı bəyanat verib.

Ombudsman Aparatından Lent.az-a daxil olan bəyanatda deyilir:

“Beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırırıq ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulmaqda davam edir.  

Belə ki, təcavüzkar siyasətindən və işğalçı əməllərindən hələ də əl çəkməyən Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə bu ölkənin silahlı qüvvələri oktyabrın 4-dən, gecə saat 23 radələrindən başlayaraq Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub.

Xüsusi olaraq bildiririk ki, Ermənistan silahlı qüvvələrinin döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən və 100 mindən artıq əhalisi olan Mingəçeviri qəsdən hədəfə almaqla atdığı raketlərdən biri elektrik stansiyasının qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. Təəsüflər olsun ki, fərdi yaşayış evinə raketin atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

Nəzərinizə çatdırırıq ki, Azərbaycanın sənaye şəhəri olan Mingəçevirdə strateji baxımdan mühüm əhəmiyyət kəsb etməklə Cənubi Qafqaz regionunda ən böyük su anbarı və elektrik stansiyası yerləşir. Bu su anbarının və elektrik stansiyasının vurulması Cənubi Qafqaz regionu üçün ciddi ekoloji fəsadlar törədə bilər.

1992-ci il Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro Bəyannaməsinə əsasən, ölkələr həyata keçirdikləri fəaliyyət zamanı məsuliyyətlərini dərk etməli, silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər.

Bu baxımdan bəyan edirik ki, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Mingəçevir su anbarı və enerji blokunu hədəfə almaqla raket atəşinə tutması təkcə Azərbaycanda deyil, bütün regionda ətraf mühit və enerji təchizatı üçün ciddi təhlükədir.

Bir daha beynəlxalq təşkilatları işğalçı Ermənistan dövlətinin mülki əhalinin yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüququna qəsd etməklə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına və region üçün dərin ekoloji fəlakət riskinin yaranmasına səbəb olan cinayətkar əməllərindən qeyd-şərtsiz çəkindirilməsinə, Azərbaycanın tarixi əraziləri olan Dağlıq Qarabağ və ətraf rayonlarının işğaldan azad edilməsini tələb etməyə və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlər görməyə çağırırıq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733
avatar

Aygün İbrahimli

Oxşar yazılar