Koronaviruslar insan və ya heyvanlar arasında yayıldığı sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir.
Artıq alimlər çoxdan sübut edib ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər, məsələn Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi respirator infeksiyalara səbəb ola bilər. Bu baxımdan koronavirusların sonuncusu COVID-19 xəstəliyinə səbəb olur.
Tarixinə qısa nəzər
COVID-19 - koronavirusların son zamanlar aşkar edilən yeni növünün səbəb olduğu infeksion xəstəlikdir. 2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində infeksiya yaranmazdan əvvəl yeni virus və xəstəlik haqqında heç nə məlum deyildi.
Məlum olduğu kimi, COVID-19 virusunun geniş yayılmış əlamətləri qızdırma, halsızlıq və quru öskürək hesab olunur. Bir çox xəstələrdə müxtəlif ağrılar: burun tutulması, burun axması, faringit və ya ishal ola bilər. Adətən bu əlamətlər tədricən inkişaf edir və yüngül xarakter daşıyır. Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır. Ancaq COVID-19-a yoluxmada altı haldan birində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi əlamətlər meydana gəlir. Yaşlı insanlarda, eləcə də arterial hipertenziya, ürək və ya diabet kimi xəstəliyi olan insanlarda infeksiyanın ağır keçmə ehtimalı daha yüksəkdir. Ölümlə nəticələnən hallar təxminən 2 faiz təşkil edir.
Həkimlər xəbərdarlıq edir ki, yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı olduğu halda tibbi yardım üçün müraciət etmək lazımdır.
2019‑nCoV xəstəliyinə yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər.
COVID‑19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. Bu səbəbdən xəstələnmiş şəxslə 1 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir.
İnsanları bu mövzuda düşündürən məqamlardan biri də heç bir xəstəlik əlamətləri müşahidə edilməyən insandan COVID-19 virusuna yoluxmaq riskinin olub-olmamasıdır.
Mütəxəssislərin fikrincə, virus əsasən öskürmə və ya asqırma zamanı tənəffüs yollarından havaya buraxılan kiçik damcılarla yayılır. Buna görə də heç bir xəstəlik əlaməti olmayan insandan yoluxma riski olduqca aşağıdır. Digər tərəfdən, bir çox insanlarda COVID-19 virusunun əlamətləri özünü çox zəif büruzə verir. Bu əsasən xəstəliyin erkən mərhələsinə aiddir. Beləliklə, özünü xəstə hiss etməyən və yüngül öskürəyi olan insandan COVID-19 virusunun ötürülməsi riski mövcuddur.
Xəstələnmiş insanın nəcisindən COVID-19 virusuna yoluxmaq mümkündür?
Xəstəliyə yoluxmuş insanın nəcisindən koronavirusa tutulma riski aşağı hesab olunur. İlkin tədqiqatlara əsasən, bir sıra hallarda virus nəcisdə aşkarlana bilər, lakin xəstəliyin yayılmasında bu faktor əsas rol oynamır. Bu riski tamamilə sıfıra endirmək də olmaz, bu bir daha onu təsdiq edir ki, ayaqyolundan istifadə etdikdən sonra və qida qəbul etməzdən əvvəl əllərin müntəzəm yuyulması vacibdir.
Mütəxəssislərin apardığı araşdırmalardan aydın olub ki, virusun bir insandan başqasına yoluxması üçün həmin insanın 1000 virus olan hissəcik qəbul etməsi lazımdır. Belə ki, nəfəs alıb verərkən insan bir dəqiqədə 20-dən çox bulaşmış hissəciyi uda bilər. Danışmaq isə bir dəqiqədə 200-dən çox yoluxmuş hissəciyin qəbul olunmasına yol aça bilər. Öskürmək və asqırmaq artıq 200 milyon virusa yoluxmuş hissəciyi ətrafa yayır ki, bu viruslar qapalı yerlərdə saatlarla havada asılı qala bilir. Virys daşıyan insanın təxminən 2 metr yaxınlığında 45 dəqiqədən az qalmaq yüksək risk deyil. Daha çox qapalı məkanlarda risk var. Belə ki, iş yerləri, məktəblər, virusa yoluxmuş insanla məsafə gözlənildiyi halda belə, risklidir.