Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciət edib.
APA xəbər verir ki, müraciətdə deyilir:
Əziz həmvətənlərim!
Vətənimizə, bizim ümumi evimizə bəla gəlib. Çox təəssüf ki, məkrli xəstəliyin epidemiyası ölkəmizdən də yan keçmədi.
Görünür, planetimizdə pandemiyanın yayılmadığı bir dənə də ölkə qalmayıb. Bir çox dövlətlər xarici aləmdən təcrid olmaq məcburiyyətindədirlər. Virusa yoluxan insanların sayı sürətlə milyona yaxınlaşır, artıq on minlərlə ölən var!
Bəşəriyyət uzun illərdən bəri bu qədər təhlükəli və genişmiqyaslı epidemiya ilə rastlaşmamışdı. Pandemiya öyrəşdiyimiz gündəlik həyat tərzimizi gözümüzün önündə demək olar ki, günbəgün dəyişir, həyatımızı həyəcan və qorxu içində keçirməyə vadar edir. Bir çoxlarını eyni suallar düşündürür: “Həqiqətənmi hər şey belə ciddidir?”, “Bizi nə gözləyir, sonumuz necə olacaq?”. Ən əsas sual isə budur: “Epidemiya nə vaxt bitəcək?”
Bu dəhşətli vəziyyətin tez bitməsi üçün bizim hər birimiz nə etməliyik?
Açığını deyim ki, bu sualları cavablandırmaq heç də asan deyil, çətindir, amma cavablar var. Hər şeydən əvvəl, biz hamımız, bütün yaş təbəqələrindən olan vətəndaşlarımız vəziyyətin son dərəcə ciddi olduğunu anlamalı, maksimum həmrəylik və birlik nümayiş etdirməliyik. Həqiqətən də COVID-19 hər birimizin həyatı və sağlamlığı üçün ciddi təhlükədir. Sizinlə birlikdə mən də Uca Tanrıya dua edirəm ki, doğma torpağımızı qorusun, bu bəlanı evlərimizdən və ailələrimizdən uzaq etsin! İnanıram və ümid edirəm ki, insan zəkası pandemiyanın qarşısını alacaq və bizə gündəlik həyatımızın xoşbəxtliyini qaytaracaq!
Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir. Dövlətimizin bütün mümkün maddi imkanları epidemiyanın və onun fəsadlarının aradan qaldırılmasına yönləndirilib. Ölkəmizin ən qabaqcıl elm adamları, tibb işçilərimiz, bütün dövlət mexanizmi insanların xilas edilməsi naminə səylə çalışırlar. Epidemiyaya qalib gəlmək üçün misilsiz, genişmiqyaslı tədbirlər görülür. Tələb olunan tibbi ləvazimatların kütləvi istehsalı üçün iri müəssisələr öz profillərini sürətlə dəyişirlər. Xəstəxana və hospitallarımız hər gün öz imkanlarını genişləndirir, müalicəyə ehtiyacı olanları qəbul etmək imkanına malik yeni xəstəxana palatalarının yaradılması üçün bütün resurslar səfərbər olunur. Şəhərlərdə və yaşayış məntəqələrində həyat təminatı obyektləri fasiləsiz fəaliyyət göstərir. İctimai asayişi təmin edən və hər an yardıma hazır olan hüquq mühafizə orqanları və xilasedici xidmətlər öz vəzifələrini layiqincə icra edirlər. Ölkə sərhədlərinin keşiyində dayanan hərbi qulluqçularımız yüksək döyüş əzmini qoruyub saxlayırlar. Tibb işçilərimizə - həkimlərə, tibb bacılarına, sanitariya xidməti işçilərinə gəlincə, mübaliğəsiz demək olar ki, onlar hər gün peşəkar işçi və əsl vətəndaş kimi igidlik nümunəsi göstərirlər. Respublikada bütün işlər Azərbaycan Prezidentinin xüsusi diqqətindədir, onun qətiyyətli rəhbərliyi və 24 saatlıq tam nəzarəti altında aparılır!
İnanıram ki, hökumətlərin və alimlərin titanik səyləri, koronavirusla mübarizəyə yönələn milyardlarla dollar, avro və manat mütləq və hökmən istədiyimiz nəticəyə, epidemiya üzərində bizim ümumi qələbəmizə gətirib çıxaracaqdır. Amma bunu da dərindən dərk etməliyik ki, biz hamımız və hər birimiz görülən tədbirləri, sərf olunan əməyi dəstəkləməsək, vətəndaş məsuliyyəti nümayiş etdirib dəqiq təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək, göstərilən səylər gözlənilən nəticəni verməyə bilər.
Əziz həmvətənlərim, mənim doğmalarım!
Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin - NÖVBƏTİ 20 GÜN ƏRZİNDƏ HAMI ÖZ AİLƏSİ İLƏ BİRLİKDƏ EVDƏ QALMALIDIR. XAHİŞ EDİRƏM, VACİB ZƏRURƏT OLMADAN EVLƏRİNİZİ TƏRK ETMƏYİN!
Bu günlərdə karantin rejiminə riayət edə bilməyən vətəndaşlarımız da var. Minlərlə soydaşımız iş başındadırlar və onlar əllərindən gələni edirlər ki, insanlar özlərini qoruya bilsinlər, evdə qalsınlar və karantin rejiminə əməl etsinlər. Bu gün koronavirus epidemiyası ilə mübarizədə ön cəbhədə olanlara sizin ən gözəl minnətdarlığınız özünütəcrid rejiminə riayət etməyinizdir. Biz bu qaydalara nə qədər ciddi və səmərəli riayət etsək, epidemiya ilə mübarizə aparan qardaş və bacılarımız adi həyat tərzinə, öz ailələrinin yanına bir o qədər tez qayıda bilərlər.
Gündəlik həyat tərzindən imtina edib evdən çölə çıxmamağın, doğmaların və yaxınlarınla görüşməməyin, bəzən övladlarını və nəvələrini qucaqlamaq imkanından məhrum olmağın çətinliyini anlayıram. Amma əgər biz məsuliyyətli vətəndaşlarıqsa, əgər həqiqətən valideynlərimizi seviriksə (mən isə buna əminəm!), doğrudan da övladlarımızın və nəvələrimizin qədrini biliriksə, bunu onlar üçün etməyə borcluyuq, məhz borcluyuq! Özümüz üçün! Vətənimiz naminə!
Artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə formalaşdırmaq lazım olduğunu göstərdi. Bu prinsip dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminə əməl edir və hamı sağ qalır, ya da tövsiyələrə məhəl qoymur və çoxsaylı insan tələfatı qaçılmaz olur. Düşünün, cəmi bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər. Mən artıq bu barədə yazmışdım ki, COVID-19 yeni, bu günədək elmə məlum olmayan virus olduğuna görə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri situativ xarakter daşıyır və dünyanın müxtəlif yerlərindən daxil olan məlumatlar təhlil edildikcə, onlar dəyişir.
Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatının sonuncu bəyanatı bu infeksiyaya müxtəlif yaş kateqoriyalarından olan insanların yoluxduğunu və hətta gənclər üçün real təhlükə törətdiyi faktını təsdiqləyir. Artıq koronavirusa yoluxmuş uşaqların da ölüm halları qeydə alınır.
Məhz buna görə bizim hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini birmənalı olaraq başa düşməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik. Məhz bu cür, bir-birimizi qayğı ilə dəstəkləyərək, dözüm və anlayış göstərərək taleyin hökmü ilə üzləşdiyimiz qorxunc sınaqdan üzüağ çıxıb koronavirus üzərində qələbədən sonrakı həyat üçün hər kəsi qoruya bilərik.
Bu qələbə mütləq baş tutacaq! Mən bu qələbəyə inanıram! ÖZÜNÜZDƏN MUĞAYAT OLUN! SİZİ SEVİRƏM! SİZƏ İNANIRAM!
Hər birinizə dualarla,
Sizin MEHRİBAN”