Artıq yeddi aydan çoxdur , gündəlik həyatımızın bir parçasına çevrilən maska, təmizlik və fiziki məsafə saxlamaq vərdiş halını alıb. Koronavirusdan hələ ki ancaq bu yolla qoruna bilirik.
Son günlər maskadan istifadə ilə bağlı yeni bir məlumat ortaya çıxıb. Maska taxanlarda, virusa məruz qaldıqları halda, antitellər inkişaf edir və onlar daha az xəstələnirlər.
Lent.az Türkiyə mətbuatına istinadən ölkənin Koronavirus Elmi Komitəsinin üzvü professor Rəcəb Öztürkün mövzu ilə bağlı açıqlamasını təqdim edir: “Maska taxdığımız zaman orqanizmə daxil olan mikrobların sayı azalır. Əgər biz və qarşımızdakı adam maska taxıbsa, ətrafa yayılan mikrob sayı çox-çox azalır.
Əgər qarşımızdakı insan maskalı deyilsə, məsafədən asılı olaraq, ətrafa müəyyən dərəcədə mikrob dağılır.
Bunların bir qismi maskadan keçəndə, sayı çox az olduğundan xəstəlik yaratma gücü aşağı, amma immunitet yaratmaq üçün yetərli olur”.
Bu vəziyyətin eynilə peyvəndləmə nəticəsində yaranan immunitetə bənzədiyini deyən professorun fikrincə, peyvənd əslində mikrobun öldürülmüş, zəyifləmiş və ya xəstəlik yaradan hissəsinin texniki üsullarla alınıb orqanizmə verilməsidir. Beləcə, orqanizm xəstəliyə cavab verə biləcək vəziyyətə gəlir.
Onun sözlərinə görə, pandemiyanın ilk günlərindən başlayaraq mütəxəssislər bildirir ki, mikrob nə qədər çox qəbul edilərsə, xəstəlik bir o qədər ağır keçir: “Bu baxımdan təmizlik qaydalarına əməl etmək, məsafə gözləmək çox önəmlidir”.