Son 20 gündə üç problemli marşrut xəttində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a bildirilib ki, sərnişinlərin ən çox şikayət etdiyi 11, 24 və 30 saylı marşrut xətləri üzrə norma və standartlara uyğun gəlməyən köhnə avtobuslar müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz edilib:
"3 marşrut xəttinin dəyişilməsi ilə Bakıxanov, Qaraçuxur, 8-ci kilometr kimi qəsəbələrin müasir avtobuslarla şəhər mərkəzi ilə əlaqələndirməsi təmin edilib. Bunun üçün 3 marşrut xətti üzrə 60-a yaxın avtobus ayrılıb.
Dəyişikliklər pandemiya şəraitində baş verir və bu o deməkdir ki, karantin dövrünün çətinliklərinə baxmayaraq, vətəndaşların rahatlığı üçün nəzərdə tutulan tədbirlər təxirə salınmayıb. Qarşıdakı həftələrdə müsabiqə nəticəsində “BakuBus”a həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq".