Müasir görkəmi ilə seçilən daha bir piyada keçidi vətəndaşların istifadəsinə veriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, agentliyin sifarişi əsasında hazırlanan Bakı şəhəri, Neapol küçəsində Heydər Əliyev parkının yanında yerüstü piyada keçidinin tikintisi artıq sona çatır.
Bu ərazidə, yolun hər iki tərəfində yaşayış binaları, sosial və iaşə obyektləri mövcuddur. Bu üzdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edəcək.
Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.5 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və şüşə örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.
Qeyd edək ki, piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və Dövlət Standartlarına uyğun olaraq inşa edilib.
Hazırda ərazidə binanın mühəndis şəbəkələri ilə təminatı, abadlaşdırma və yaşıllaşdırma işləri yerinə yetirilir. Yaxın günlərdə yeni yerüstü piyada keçidinin vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.