Azərbaycan xalqının qədim yurd yerlərindən olan Laçın rayonu Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşir. Laçın rayonunun mərkəzi 1926-cı ilədək Abdallar adlanıb. Abdal toponimi Ağ Hun türk boylarının bir sıra mənbələrdə qeyd edildiyi kimi Eftal və ya Heptal adından qaynaqlanır. Alban tarixçisi Musa Kalankatlı Azərbaycanın şimalında yaşayan Abdal türk boylarının Qam dini inanc sisteminin daşıyıcıları olduğunu qeyd edir.
Lent.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a AMEA-nın Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə deyib. O bildirib ki, Tovuzda və Ordubadda Abdal dağlarının, Qubadlıda Abdalanlı, Ağdamda Abdal-Gülablı, Borçalıda Abdallar, İrəvanda Abdallı, Abdaloğlu kəndlərinin, Xocavənddə Abdallar qışlağının adları qədim türk boylarının tarixi nişanəsidir. Məlumdur ki, bütün Qafqaz coğrafiyasında ən qədim insan məskənləri Azərbaycan xalqının yaşadığı tarixi-coğrafi arealın mühüm tərkib hissəsi olan Qarabağ ərazisində yerləşən Quruçay vadisi və Azıx mağarasıdır. Laçın rayonu bu qədim insan məskənlərinin yaxınlığında yerləşdiyindən protoazərbaycanlıların (Azərbaycanın qədim əhalisi nəzərdə tutulur) erkən mədəni irsinin təşəkkül tapdığı coğrafiyaya daxildir.
Tarixçi alim diqqətə çatdırıb ki, Laçının özünəməxsus təbiəti, əlverişli təbii-coğrafi şəraiti, o cümlədən iqlimi, relyef xüsusiyyətləri, bitki və heyvanat aləminin zəngin olması, şirinsulu bulaqları burada qədim insanların yaşamasını təmin edən başlıca amillər olub. Laçın rayonu ərazisindəki yaylaqlarda Tunc dövrünə aid qayaüstü rəsmlərin, qalaların, qədim dağ yollarının və keçidlərin aşkar edilməsi buranın yerli əhalisinin maddi-mədəni irsinin zənginliyindən xəbər verir. Qayaüstü rəsmlər içərisində müxtəlif ov heyvanları ilə yanaşı, ev heyvanlarının və təsərrüfatda geniş istifadə olunan əmək alətlərinin təsvirləri burada yaşayan qədim türk boylarının əsasən oturaq həyat tərzi sürdüyünü, həmçinin yaylaq-qışlaq maldarlığı ilə məşğul olduğunu təsdiq edir.
VII əsrdə ərəb istilasının başlanmasınadək Laçın ərazisi Azərbaycan Alban dövlətinin tərkibində olub. Buranın qədim əhalisi aşşurların İşquz, qədim yunanların İskit (Skutai, Skolati = “Sak Elatı”), irandilli etnosların Sak adlandırdıqları İç Oğuz boylarıdır. Türk boylarının yaşadığı iki tarixi vilayətin – Ərsak (“Sak ərəni” – Qarabağın dağlıq hissəsi) və Sünikin (Sisakan – Böyük Sak, Zəngəzur) sərhədində yerləşən Laçın ərazisi əsasən dağlıq bölgə olub. Buradan keçən bir sıra dağ yolları düzənlikdə yerləşən vilayətləri bir-biri ilə əlaqələndirən məşhur ticarət yollarına qədər uzanırdı. VII əsrin ortalarında ərəblərin Azərbaycana ilk hücumları başlayanda bütün Qafqaz regionunda ən güclü dövlət Xəzər xaqanlığı idi. Ərəblərə qarşı mübarizə aparan başlıca qüvvə də Xəzər türkləri idi. Ərəb-Xəzər müharibələri fasilələrlə yüz ildən artıq davam etdi. Ərəblər Azərbaycan ərazisində qismən möhkəmlənməyə nail olduqdan sonra idarəçilik sistemində bir sıra sərt tədbirlər həyata keçirməyə başladılar. İşğal olunan digər ərazilərdə olduğu kimi Azərbaycanda da müstəmləkə əsarətinin ağır şərtlərinə, vergi siyasətinə, əsasən də ərəb feodallarının qanunsuz əməllərinə qarşı üsyanlar başlandı. Qarabağ və Zəngəzur Azərbaycan türk boylarının azadlıq mübarizəsinin başlıca mərkəzləri idi. Qubadlı, Laçın və Kəlbəcər rayonlarının ərazisində yüksək dağ yamaclarında yerli əhalinin sığındığı və müdafiə olunduğu qalaların bir çoxunun qalıqları müasir dövrədək gəlib çatıb. Təsadüfi deyil ki, bu qalaların bir çoxu yerli əhali tərəfindən Babək qalası adlandırılıb. Ərəb xilafətinin mühüm tədbirlərindən biri də özünə etnik dayaq yaratmaq məqsədilə işğal edilən ərazilərə müxtəlif ölkələrdən ərəb ailələrini köçürmək idi. VIII-IX əsrlərdə köçürmə siyasəti daha intensiv xarakter almışdı. Azərbaycan şəhərləri xilafətin şimal sərhədində həm ticarət, həm də hərbi-siyasi cəhətdən mühüm strateji əhəmiyyətə malik idi. Azərbaycana ərəb ailələri ilə yanaşı, xilafət ordusunda sədaqətlə qulluq edən bir sıra tanınmış türk boyları da köçürülüb. X əsrdə Sacoğulları, ardınca isə Salar türk sülalələri Azərbaycan ərazisini vahid dövlətin tərkibində birləşdirdilər. Ərəb xilafətinin asılılığından çıxaraq müstəqil siyasət yürüdən Sacoğlu sülaləsinin zərb etdiyi sikkələrin üzərində Azərbaycan adı öz əksini tapdı. Bu fakt Azərbaycan dövlətçiliyinin qədim ənənələrə söykəndiyini bir daha təsdiq edir. Sacoğulları və Salar türk sülalələrinin hakimiyyəti dövrlərində Qarabağ bölgəsi, eləcə də Laçın ərazisi türk boylarının yaylaq yerləri idi. Ərazinin relyef xüsusiyyətlərinə görə əhali bu bölgəni hündür yer və ya əlçatmaz yüksəklik mənasında Laçın adlandırmışdır. XIII əsrin birinci yarısında Alban-Xaçın knyazı Həsən Cəlalın monqol hücumları zamanı müdafiə olunduğu məşhur qalalardan biri də Laçın qalası olub. Bu qalanın adı sonradan yaxınlıqdakı qədim Laçın kəndinin adında öz əksini tapıb. Laçın toponimi ilə bağlı digər bir versiyaya görə isə bu ad monqol yürüşləri nəticəsində Türkmənistanın cənubundan Qarabağ ərazisinə gələn Laçın tayfasının adından qaynaqlanır.
Ramin Əlizadə qeyd edib ki, arxeoloji, etnoqrafik və epiqrafik qaynaqlar Laçının qədim zamanlardan Azərbaycan türklərinin yurd yeri olduğunu təsdiq edir. Laçın ərazisində aşkar edilən qədim yaşayış məskənləri, qoç və at heykəlləri, həmçinin kurqanlar Azərbaycan türkünün bu ərazinin avtoxton əhalisi olduğunu sübut edir. 1992-ci il mayın 18-də Laçın erməni işğalı nəticəsində öz tarixinin ən faciəli dövrünə qədəm qoydu. Laçında Azərbaycan türklərinin minilliklər ərzində yaratdığı tarixi və mədəni abidələr erməni vandalizmi nəticəsində yerlə-yeksan edildi. Azərbaycanın qədim türk boylarına, həmçinin Alban dövlətinə aid abidələr dağıdıldı. Alban kilsələri ciddi saxtakarlıqlara məruz qalaraq erməni qriqoryan kilsələrinə çevrildi. Ağoğlan çayı sahilində V-VI əsrlərdə inşa edilmiş Ağoğlan monastır kompleksi qədim türk boylarına aid dini ibadətgah üzərindədir. Bu abidə “Qaranquş qalası” adı ilə də tanınır. Ağoğlan məbədinə gedən yolun üzərində at heykəlləri aşkar edilib. Hazırda bu dini məbəd erməni qriqoryan kilsəsinə çevrilib, ətrafındakı bir sıra tikililər isə erməni-qriqoryan memarlığına uyğun olmadığından qəsdən dağıdılıb. Laçının ən qədim abidələri içərisində Abdallar, Cicimli, Güləbird, Ziyrik, Hoçaz kəndlərində Tunc və Dəmir dövrlərinə aid mağara məbədləri, kurqanları, həmçinin Aşağı Fərəcan kəndində məbədi və körpünü qeyd etmək olar. Laçının ən məşhur abidələrindən biri də Cicimli kəndi ərazisindəki XIV əsrə aid Məlik Əjdər türbəsidir. Bu abidələrin əksəriyyəti erməni daşnakları tərəfindən məhv edilib. Güləbird kəndində Azərbaycan ozan-aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Sarı Aşığın qəbirüstü abidəsi və heykəli ermənilər tərəfindən dağıdılıb. Abdallar, Cicimli, Zeyvə, Güləbird, Əhmədli, Hoçaz, Məlikpəyə, Qarakeşiş kəndlərində müqəddəs ziyarətgahlar, türbələr, məscidlərin bir qismi ermənilər tərəfindən yarasız vəziyyətə salınıb, qalan hissəsi isə donuz tövləsinə çevrilib.
“Müqayisə üçün qeyd edək ki, hazırda Azərbaycan Respublikasının müxtəlif şəhərlərində xalqımızın tolerantlığını və multikultural dəyərlərin daşıyıcısı olduğunu təsdiq edəcək onlarla kilsə öz təyinatı üzrə fəaliyyət göstərir. İnanırıq ki, Azərbaycan Ordusu tərəfindən dövlətimizin tarixi-coğrafi sərhədləri, eləcə də ərazi bütövlüyü bərpa olunduqdan sonra Laçın rayonunun da tarixi real faktlar əsasında araşdırılacaq”, – deyə tarixçi alim Ramin Əlizadə vurğulayıb.