Koronavirusun ikinci dalğa təhlükəsi: "Virusa arxa cəbhədə qalib gəlsək ..."
14 oktyabr 2020 17:55 (UTC +04:00)

Koronavirusun ikinci dalğa təhlükəsi: "Virusa arxa cəbhədə qalib gəlsək ..."

Azərbaycanda son günlər koronavirus infeksiyasına (“COVID-19”) yoluxma, sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişir və yoluxanların sayında artım müşahidə edilir. 

Lent.az bununla bağlı Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevə bir neçə sual ünvanlayıb.

- Əvvəlcə istəyərdik ki, koronavirusla, onun təhlükələri və qorunma vasitələri ilə bağlı insanlara kiçik xatırlatma edəsiniz...

- Virus haqqında danışmazdan öncə bildirmək istərdim ki, bu gün ölkəsində Vətən Müharibəsi və milli kimlik savaşı gedən bir elm adamı kimi mənə digər təhlükə - “COVID-19” haqqında bu dönəmdə danışmaq çətindir. Amma digər tərəfdən də təsəllim virusa arxa cəbhədə qalib gəlsək, onun ön cəbhədə yayılmasının və törədəcəyi çətinliklərin qarşısını almış ola bilməyimizdir.

Virusun təhlükəsi ilə bağlı qısa da olsa onu deyə bilərəm ki, virusun yaşdan asılı olmayaraq nəinki ağciyərə, eləcə də ürəyə, beyinə, böyrəklərə, qan sisteminə və s. təsiri elmi cəhətdən tam öyrənilib. Bu orqan və sistemlərə də virusun birbaşa təsiri ölüm təhlükəsinə qədər ağırlaşa bilər.

Koronavirusdan qorunma vasitələrinə gəlincə,  bildirim ki, əslində müxtəlif şəraitdə qaydalar fərqlidir. Amma ümumi qızıl qaydalar dəyişməyib. Bunlar qapalı məkanlarda insanların bir araya gəlməməsi, bu qaçılmazdırsa qapalı məkanda çox qısa müddətdə bir yerdə qalmaq, maksimum təmiz hava ilə qapalı məkanları havalandırmaq, məsafə saxlanılması, ümumiyyətlə, insanlarla ünsiyyəti minimuma salmaq, maskalardan həm təmiz havada (müəyyən şərtlər daxilində), həm də qapalı məkanda istifadə etmək və əlləri maksimum təmiz saxlamaqdır.

- Necə düşünürsünüz, Azərbaycanda koronavirusun növbəti dalğası başlaya bilərmi?

- Virusa yoluxmanın növbəti dalğası xarici, eləcə də Avropa ölkələrində artıq kütləvi şəkildə başlayıb. Məsələn, Almaniyada artıq gündəlik yoluxma sayı 4 000 nəfərin üzərinə qalxıb ki, bu da vəziyyəti ciddi şəkildə kritikləşdirir. 

Elmi olaraq qeyd etmək vacibdir ki, növbəti dalğanın Azərbaycanda olması da qaçılmazdır, bu barədə mən artıq bir neçə ay öncə də qeyd etmişdim. Sadəcə, burada vacib olan növbəti yoluxma dalğası zamanı yoluxmaların yay aylarındakı qədər çox olub-olmayacağı məsələsidir. Buna da indidən ciddi nəzarət edilməlidir.

- Ölkəyə koronavirusun ikinci dalğası gələrsə, xəstəlikdən sağalanlar yenidən virusa yoluxa bilərlərmi? 

- Koronavirusa təkrar yoluxma xarici ölkələrdə elmi olaraq çox az sayda təsdiqlənib. Eyni zamanda qeyd etmək istəyərdim ki, təkrar yoluxma zamanı ölüm hallarının baş verməsi elmi olaraq sübut edilməyib. Əksinə təkrar yoluxan şəxs xəstəliyi ilk dəfə yoluxduğundan daha yüngül keçirir.

- Məlumdur ki, hazırda Azərbaycan Ordusuna dəstək məqsədilə könüllü olaraq ayrı-ayrı şəxslər tərəfindən kütləvi yardımlar toplanılaraq cəbhə bölgələrinə aparılır. Virus təhlükəsinin olduğu vaxtda nələrə diqqət etmək lazımdır?

- İlk növbədə onu qeyd edim ki, ümumiyyətlə, elm sübut edir ki, səthə təmasdan virusun yayılması 10-15 faiz mümkündür, yerdə qalan hallar isə havada aerozollar və damcılarla baş verir. Yəni bu o deməkdir ki, hazırki vəziyyətdə virusun yayılmasında daha təhlükəli olan yardımları aparan şəxslərdir. Onlar öz sağlamlıqlarına ciddi nəzarət etməlidirlər və virusdan qorunmaq üçün deyilən bütün qaydalara əməl etməlidirlər.

Unutmaq olmaz ki, əgər virusa yoluxma sayları çoxalarsa, vəziyyətdən çıxmaq üçün paytaxtdan kənara çıxışa məhdudiyyət qoyula bilər ki, bunu da biz heç birimiz istəmirik. Ona görə də insanları maksimum ehtiyatlı olmağa çağırıram ki, döyüş ruhumuz və qələbə əhval-ruhiyyəmiz daimi qalsın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1057
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar