COVID-19 virusu ilə mübarizənin ikinci mərhələsi başlayıb. Bir çox inkişaf etmiş ölkələrin yeni mübarizə strategiyasının əsasını təşkil edəcək tutarlı elmi araşdırmalar artıq elmi ədəbiyyata daxil olub. Burada ilk məqsəd daşıyıcılar arasında yüksək yoluxduruculuğa malik təxminən 20% insanı tapmaq olacaq. Elmi olaraq sübut edilir ki, məhz bu kütlə qalan 80%-i yoluxdurur. Amma bunun üçün fərqli strategiyalar təklif olunur. Hələlik tam uyğun olanı izolyasiya və karantin şərtlərinə müvafiq dəyişikliklər edilərək aparılan mübarizə taktikasıdır. Qısa olaraq dəyişiklikləri belə izah etmək olar: məsələn, 1 nəfər virusa yoluxan şəxs aşkarlanıb, təcili olaraq həmin şəxsin son 2-3 gündəki kontaktlarına baxılmalıdır. Burada diqqət verilməli məqam bu xəstənin hər hansı bir insan qrupları olan yerlərdə iştirakı olmalıdır. Çünki orada güclü yoluxduruculuq effekti ilə virusun yayılma təhlükəsi var və əgər bu qruplarda iştirak öz təsdiqini taparsa, həmin qruplarda olan insanların hamısı və hətta xəstəliyin əlamətləri olmasa belə təcili izolyasiya olunub, karantinə alınmalıdırlar.
Azərbaycanda bu metodun tətbiqinə başlanılsa, Avropa təcrübəsi mütləq nəzərə alınmalıdır - ev şəraitində izolyasiya və karantin tədbirləri. Ev şəraitində izolyasiya və karantin tədbirlərinin evdən kənar analoji tədbirlərlə müqayisəsində aydın olur ki, ev şəraitində karantin daha effektlidir.
Aparılan tədqiqatlardan biri də 3000-dən yuxarı insanın olduğu gəmidə karantin vəziyyətinin incələnməsi olub. Gəmi səyahəti zamanı minimum 10 nəfər virus daşıyıcısı olduğu aydın olduqdan sonra insanları gəminin içində karantinə alıblar. Nəticə etibarı ilə karantinin sonunda təxminən hər beş nəfərdən birində COVID-19 virusu aşkarlanıb və 6 nəfər ölən olub. Tədqiqat onu göstərir ki, karantin tədbiri görülməsəydi, təxminən 2920 nəfər sonda virusa yoluxardı. Sonra isə tədqiqatda daha önəmli bir faktor analiz edilir ki. İnsanlar gəmidən buraxılıb, ayrılıqda izolə edilib karantinə alınsaydı, cəmi 76 nəfər virusa yoluxan olardı. Bu da bir daha insanların ayrı-ayrılıqda və ev şəraitində karantinə alınmasının nə qədər faydalı olduğunu göstərir.
Təbii ki, Azərbaycanda nəzərə alınmalı bir məqam da insanların həqiqətən ev şəraitində karantinə əməl edib-etməmələri sualıdır. Burda da Avropa və ya birbaşa Almaniya təcrübəsindən istifadə edilə bilər. Karantin şərtlərini pozub evdən çıxan şəxslərə çox böyük miqdarda pul cəzası ilə yanaşı, bəzi hallarda hətta sağlamlığa zərər vurma maddəsi ilə cinayət işinin açılması tətbiq edilə bilər.