Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirus pandemiyasından qorunmaq üçün ət məhsullarının alışı zamanı diqqət edilməsi vacib olan məqamları açıqlayıb.
Qurumdan Lent.az-a verilən məlumatda göstərilib ki, sağlam qidalanma insan həyatının əsas hissəsini təşkil edərək xəstəliklərə qarşı müqavimətini artırır. İnsanın gündəlik qida rasionu balanslı olmalı və özündə kifayət qədər zülal, karbohidrat və yağlar təşkil etməlidir. İnsanın gündəlik qida rasionundakı zülala olan tələbatının əsas hissəsini ət və ət məhsulları ödəyərək orqanizmin inkişafında əhəmiyyətli rol oynayır. Lakin ət məhsullarının kəsimi, emalı və satışı zamanı sanitar qaydalara düzgün riayət olunmadığı hallarda istehlakçıların sağlamlığı üçün bir sıra təhlükənin yaranmasına səbəb olur.
Məlum olduğu kimi, heyvan ətindən insana bruselyoz, vərəm, qarayara, öküz soliteri, exinokok və s. zoonoz və parazitar xəstəliklərin keçmə ehtimalı yüksəkdir. Bu xəstəliklərə yoluxma immun sisteminin zəifləməsinə və həyati vacib orqanlarda xroniki fəsadların yaranmasına gətirib çıxara bilir.
Son aylarda dünyada və eləcə də ölkəmizdə COVID-19 xəstəliyinə yeni yoluxma halları qeydə alınır. Nəzərə alsaq ki, immuniteti zəif, ağciyər, ürək-damar, böyrək çatışmazlığı və digər xroniki xəstəliyi olan insanlar arasında COVID-19 virusuna yoluxma riski daha yüksəkdir.
Bu səbəbdən, COVID-19 və digər xəstəliklərə yoluxmanın qarşısını almaq məqsədilə istehlakçıların daha diqqətli davranması və ət məhsullarını alarkən aşağıdakı tövsiyələrə əməl etmələri lazımdır:
Küçə şəraitində, yol kənarlarında, baytar müfəttişi tərəfindən nəzarət həyata keçirilməyən, antisanitar şəraitdə fəaliyyət göstərən kəsim yerlərindən ət və ət məhsulları almaq sağlamlıq üçün təhlükəlidir.
Şəxsi gigiyenik qaydalarına əməl olunmayan və fərdi mühafizə vasitələri istifadə edilməyən (xalat, əlcək, bone) qəssabxanalardan ət və ət məhsulları almaq yolverilməzdir.
Kəsildikdən dərhal sonra ətin istehlakı faydasından daha çox ziyanlı olduğu üçün ət məhsulları istehlak edilməlidir (heyvan kəsildikdən sonra ət ölüm sərtliyi deyilən vəziyyətdə olur və bunun səbəbi isə heyvanın kəsim zamanı stress altında olması və bunun birbaşa ətin tərkibinə təsir etməsidir).
Ətin insan orqanizminə faydalı olması üçün, kəsildikdən sonra turşuluq balansını və yumşalmasını təmin etmək üçün 8-12 saat müddətində dincə qoyulmalıdır. Ətdə turşuluq balansının normallaşması bir sıra virus mənşəli xəstəliklərin məhv edilməsində olduqca böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir daha baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edir. Eyni zamanda bildirilir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün qanunla müəyyən olunmuş qaydada tədbirlər bundan sonra da davam etdiriləcək.