Dünyada olduğu kimi, Azərbaycanda da əhali yayılan yeni növ koronavirusa görə narahatlıq, hətta təşviş və qorxu hissi keçirə bilər. Adi qrip virusuna yoluxanlar da, əlamətlər bənzər olduğu üçün koronavirus ehtimalını düşünür.
Bəs özündə qrip əlamətləri hiss edən, koronavirusa yoluxub-yoluxmadığı şübhəsindən qurtarmaq istəyən vətəndaşlarımız nə etməlidir? Daha doğrusu, müayinə üçün hara üz tutmalıdır?
Mövzu ilə bağlı TƏBİB-dən Lent.az-a bildirilib ki, özündə koronavirus əlaməti hiss edən insan birmənalı olaraq müayinə üçün heç yana getməli deyil: “Özünü pis hiss edən şəxs evə ya təcili yardım, yaxud da poliklinikadan həkim çağırmalıdır. "Təcili yardım"a zəng vurduğu zaman həmin şəxsdən hansı əlamətlərin olduğu soruşulur. Yüksək hərarət və s. şübhə yaradan əlamətlər olduğu halda və test etmək istədiyini dedikdə təcili yardım həkimləri şübhəlini lazımı müayinələrdən keçirəcək və uyğun olaraq yönləndirəcək”.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, koronavirusa görə şübhəli şəxslərin təcili yardım vasitəsilə və ya poliklinika həkiminin müayinəsindən sonra ehtiyac görüldüyü halda, ayrılmış xəstəxanalara - Kliniki Tibbi Mərkəzə, 7 saylı Uşaq İnfeksion Xəstəxanasına, Ağciyər Xəstəlikləri İnstitutuna yönləndiriləcək: “Şəxs özü hər hansı bir xarici ölkədən gəlibsə, birbaşa Kliniki Tibbi Mərkəzə müraciət edə bilər”.
Nazirlikdən o da qeyd olunub ki, koronavirus üçün testlər ancaq Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindədir.