“Bakıda sabahdan etibarən “Yeni klinika” tibb müəssisəsində koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar”.
Lent.az Azərtac-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevə “Yeni klinika” tibb müəssisəsinin açılışında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.
Məlumata görə, bu tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.
Onu da qeyd edək ki, açılış zamanı Prezident İlham Əliyev bu gün ölkəmizin ən böyük tibb ocaqlarından birinin fəaliyyətə başladığını qeyd etdi, onun müasir avadanlıqla təchiz olunduğunu bildirdi. Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində görülən işlərdən danışan dövlətimizin başçısı vurğuladı ki, bu tibb müəssisəsinin istifadəyə verilməsi pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq.