Koronavirusun yayılmağa başladığı ilk dövlərdə bu xəstəlikdən ölüm faizinin adi qripdən ölüm göstəriciləri ilə eyni, hətta az olduğu bildirilirdi. Lakin yeni virusdan ölüm halları çoxalandan sonra bu yöndə fərqli fikirlər səslənməyə başladı. Son məlumatlarda koronavirusun qripdən qat-qat artıq öldürücü olduğu vurğulanır.
e-tibb.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus isə yeni tip koronavirusun-COVİD-19-un ölüm faizinin qripdən (influenza) 10 qat artıq olduğunun təxmin edildiyini açıqlayıb.
Qeyd edək ki, koronavirusa ilk yoluxma hadisəsindən 100 gündən çox vaxt keçir.
İndiyə kimi dünyada yeni növ koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 100 min nəfəri keçib.
ABŞ-ın Con Hopkins Universitetinin hesabatında göstərilib ki, hazırda 1,67 milyondan çox insan bu xəstəliyə yoluxub. Ən çox yoluxma halları ABŞ, İspaniya, İtaliya, Almaniya və Fransada qeydə alınıb. Son məlumatlara görə, ABŞ-da 488 mindən çox, İspaniyada 157 mindən çox, İtaliyada 147 mindən çox insan bu ölümcül virusun daşıyıcısıdır.
Ən çox ölüm faktı İtaliyada qeydə alınıb – 18 849 nəfər. Onun ardınca ABŞ (18 009), İspaniya (15 970), Fransa (13 197) və Böyük Britaniya (8 958) gəlir.
Ümumilikdə hazırda dünyada 101 551 nəfər COVID-19 infeksiyasına yoluxma nəticəsində həyatını itirib.
Bu günədək 372 mindən çox insan sağalıb.