Koronavirus bu üsullarla MÜALİCƏ OLUNUR
11 iyun 2020 12:05 (UTC +04:00)

Koronavirus bu üsullarla MÜALİCƏ OLUNUR

Yeni növ koronavirusa yoluxanların müalicəsi üçün hələ də peyvənd və ya xüsusi bir dərman tapılmayıb.  

Xəstəliyin müalicəsi məqsədilə, ancaq orqanizmi dəstəkləyici tədbirlər aparılır.

Virusa yoluxanların orqanizmi xəstəliyi məğlub edənə kimi immuniteti dəstəkləyən tədbirlər həyata keçirilir, xəstənin rahat nəfəs alması üçün süni dəstək verilir. Elm adamları virusa qarşı vaksinin tapılması üçün tədqiqatlar aparır, xəstəxanalar isə virus əleyinə istifadə etmək üçün mövcud dərmanları sınaqdan keçirir.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev Lent.az-a bildirib ki, hazırda koronavirusun müalicəsində istifadə olunan ən təsirli vasitələrdən biri plazma ilə müalicə üsuludur və bu zaman virusdan sağalanların qanından istifadə olunur: “Azərbaycanda da koronavirusdan sağalmış insanların donorluğu ilə müalicə aparılır. Hazırda koronavirusun müalicəsi üçün təsdiq edilən hər hansı antiviral dərman yoxdur. Virusa təsir edə biləcək preparat mövcud deyil. Bu sahədə tədqiqatlar gedir. Gələcəkdə dərmanın tapılacağı istisna olunmur”.

Qeyd edək ki, artıq Azərbaycanda da koronavirus xəstələrinin müalicəsində plazma üsulundan istifadə olunur. İmmun plazma müalicəsi COVID-19 diaqnozu ilə müalicə alıb sağalmış xəstələrdən Mərkəzi Qan Bankı tərəfindən toplanan qan plazmasının ağır vəziyyətdə olan xəstələrdə istifadəsi ilə həyata keçirilən müalicə metodudur. Koronavirus xəstələri üçün COVID-19 diaqnozu laborator olaraq təsdiqlənib sonradan sağalan şəxslər;

klinik olaraq tam sağalmadan ən azı 14 gün sonra, 2 dəfə test nəticəsi neqativ olan şəxslər; 18-60 yaş arası könüllülər;

kişi və hamilə olmayan qadınlar (düşüyü və abort olmamış), həyatının heç bir dövründə qan transfuziyası edilməmiş insanlar plazma donoru ola bilər.

Uyğun donor qan donorluğunda olduğu kimi razılıq forması doldurur və müayinə edilir. Daha sonra donordan qan alınaraq laborator testlər həyata keçirilir. Test nəticələri uyğun olan donorlardan aferez metodu ilə plazma alınır. Prosedur 45-60 dəqiqə davam edir. Donordan immun plazma 1 ay ərzində ən çox 3 dəfə, ilk plazmanın götürüldüyü tarixdən etibarən 7-10 gün fasilə ilə alına bilər.

Bu prosedurun donorun sağlamlığı üçün heç bir riski yoxdur. Aferez proseduru zamanı qanın ayrılması üçün istifadə olunan setlər birdəfəlik və steril olur.

Setlər qapalı sistem kimi işləyir, prosedur zamanı qan cihazla təmas etmir.

Qeyd edək ki, sağalan xəstələrin məlumatları TƏBİB tərəfindən Mərkəzi Qan Bankına göndərilir və plazma donorları Mərkəzi Qan Bankı tərəfindən seçilir. Könüllü donorlar müəyyən olunmuş növbəli sistem əsasında Mərkəzi Qan Bankına dəvət olunur. Gəlmə imkanı olmayan könüllü donorlar üçün Mərkəzi Qan Bankı tərəfindən gəliş-gedişləri təmin olunur. Xəstəxanadan gələn tələblərə əsasən plazmalar göndərilir. Plazma istəyi xəstə yaxını və ya xəstənin özü tərəfindən edilə bilməz.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7723
avatar

Aygün İbrahimli

Oxşar yazılar