Koronafobiya: sizdə də bu əlamətlər varsa…
11 aprel 2020 11:58 (UTC +04:00)

Koronafobiya: sizdə də bu əlamətlər varsa…

"Bütün dünyanı öz mənfi təsiri altına salan yeni tip koronavirus-COVİD-19 xəstəlik törətməklə bərabər, insanlarda qorxu, həyəcanı da artırmaqdadır".

Bu sözləri tanınmış psixiatr Orxan Fərəcli e-tibb.az üçün yazdığı məqalədə bildirib.

Lent.az həmin məqaləni təqdim edir:

Əslində, artan sürətlə qısa müddət ərzində 1 milyondan çox insanın yoluxması faktının həyəcan yaratması başa düşüləndir. Həyəcan özü-özlüyündə ağrı hissi kimi qoruyucu mexanizmə malikdir və insanı təhlükədən qorunmaq haqqında xəbərdar edir. Amma bu qoruyucu mexanizm bir mərhələdən sonra bəzi insanlarda o qədər artmağa başlayır ki, özü əlavə problemə çevrilir. Artmış həyəcan gün ərzində insanı gərgin saxlamaqla yanaşı, müxtəlif pis düşüncələrlə, bədəndə ağrı, qızdırma, ürək döyüntüsü, nəfəs darlığı kimi əlamətlərlə özünü göstərməyə başlayır.

Koronavirusdan niyə qorxuruq?

Mövcud məlumatlara görə, insanların iki təməl ehtiyacı olan təhlükəsizlik və qida risk altındadır. Öləcəyi və qida tapılmayacağı ehtimalı müasir insanı “dəli” edir. Yəni insan ətrafdan aldığı yalançı informasiyalardan bu qənaətə gəlir ki, qida çatışmazlığı olacaq, ac qalacağıq və virusa yoluxmaq bizim sonumuzu gətirəcək. Hər iki düşüncə insanda həyəcan yaratmaq üçün kifayət qədər ciddidir.

Özümüzdə koronavirus qorxusu olduğunu necə bilərik?

Daimi olaraq özünüzün və ya qohumlarınızın yoluxması qorxusu – “bəlkə mən də tutmuşam?!” düşüncəsi varsa;

Səbəbsiz yerə bədənin araşdırıması (tez-tez hərarəti ölçmək, udqunaraq boğazın ağrıyıb- ağrımadığını yoxlamaq, nəfəsin tam gedib-getmədiyini yoxlamaq və s);

Orqanizmdəki ən kiçik dəyişikliyin belə, COVİD-19-la əlaqəsini internetdə nəzarətsiz formada axtarılması;

Əgər yuxarıda qeyd etdiyim bu düşüncələrin təsiri ilə ürək döyüntünüz artırsa, nəfəs darlığı yaranırsa, əl-ayaqda titrəmə, mədə-bağırsaq pozuntuları və sair kimi həyəcana xas bədən əlamətləri olursa, bu o deməkdir ki, sizdə koronafobiya var.

Pandemiyanın yayıldığı ilk vaxtlarda sanki insanları rahatlatmaq üçün bu xəstəliyin ancaq yaşlıları oldürdüyü ilə baglı informasiyalar ön planda idi. Bu baxımdan ilk olaraq yaşı 60-dan yuxarı olan insanların daha çox psixoloji travma alması ehtimalı yaranır. Digər ən çox təsirə məruz qalan insanlar isə əvvəlcədən təyin olnmuş panik atak, həyəcan pozuntusu, obssesiv-kompulsiv pozuntu kimi xəstəliyi olanlardır. Bu insanlarda günlərlə davam edən xroniki stress öz mövcud xəstəliklərinin təkrar yaranmasına və ya pişləşməsinə gətirib çıxara bilər.

Həyəcanımızı idarə etmək üçün nə etməliyik?

Əgər sizin əvvəlcədən təyin olunmuş sakitləşdirici dərmanlarınız varsa, həkiminizlə əlaqə saxlayaraq müalicənizə davam edin. İfrat həyəcanlı ataklar zamanı dərindən nəfəs alıb, bir neçə saniyə saxlayıb burundan verərək, həyəcanı nəzarətdə saxlaya bilərsiniz. Həyəcanın daha da artmaması üçün mütləq kirli informasiyalardan uzaq durun. Belə ki, vatsapp qruplarındakı yönləndirilən səsləri açmayın, ancaq rəsmi informasiyaları oxuyun, özünüzün də əmin olmadığınız məlumatları yaymayın.

Baxdığınız filmlərdə, oxuduğunuz kitablarda seçici olun. Daim film izləmək, kitab oxumaq bir mərhələdən sonra sizi yormasın deyə növbəli şəkildə fiziki aktivliyiniz olsun. Belə ki, ev şəraitində qısa müddətli gimnastika hərəkətlərinin həyəcan azaldıcı effekti sübut olunub.

Qida və yuxu rejiminin qaydasında olması sizin xilaskarınız ola bilər. Evdə olmanızdan istifadə edib artıq qidalanmadan çəkinin, çünki aldığınız əlavə çəki karantin sonrası sizdə əlavə depressiv simptomlar yarada bilər.

Həyəcan azaltma tədbirlərinin birincisi və ən vacibi gecə yuxusudur. Çox gec yatıb gec oyanmaq 8 saat olsa belə, sizə fayda verməyəcək. Mütləq tez yatıb tez oyanmaq lazımdır. Bu, həm immuniteti artırmaq, həm də stressi azaltmaq baxımından inanılmaz təsirə malik mexanizmdir. Unutmayın ki, istənilən virusla mübarizə aparmağın ən birinci yolu güclü immunitetdir. Stress isə immunitetin aşağı düşməsinə səbəb olur. 

Uşaqlara koronavirusu necə izah etməli?

Uşaqlar bu karantin dövrünün ən həssas təbəqəsidir. Onlara həqiqi məlumatları başa düşəcəkləri sadə dildə izah etmək lazımdır. Qətiyyən yalan informasiya verməyin. Məktəbə getməməklə  evdə qalaraq əslində, bir qəhrəmanlıq etdiklərini, nənə-babalarını qoruduqlarını izah edin. Əmin olun ki, bu, onlara hədsiz maraqlı gələcək. Çoxdandır görmədiyi bağça və sinif yoldaşları ilə görüntülü danışmaqlarına şərait yaradın. Uzun müddət televizor qarşısında vaxt keçirməmələrinə nəzarət edin.

Unutmaq lazım deyil ki, nə karantin dövrü, nə də koronavirus daimidir. Həyatımızdakı bu dəyişikliklərin sadəcə qısa müddət üçün hesablandığını və  hamımızın sağlamlığı üçün olduğunu bir an belə, yadımızdan çıxarmamalıyıq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1763
avatar

Oxşar yazılar